AZ

Masallı Rayon İcra Hakimiyyəti başçısının Xırmandalı ərazisinin Ərəb kəndində səyyar görüş-qəbulu keçirilmişdir » AzadMedia.az


04 fevral 2026-cı il tarixində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov Masallı rayonunun Xırmandalı inzibati ərazi dairəsinə daxil olan Ərəb kənd məktəbinin akt zalında kənd sakinləri ilə səyyar görüş-qəbul keçirmişdir.

Səyyar görüş-qəbulu açan rayon rəhbəri iştirakçıları salamlayaraq kəndin tarixi və inkişafı barədə geniş məlumat vermişdir.
Qeyd olunmuşdur ki, Ərəb kəndi təxminən 300-400 illik tarixə malikdir. Rayon rəhbəri çıxışında qeyd etmişdir ki, kənd əhalisi əsasən Şamaxı bölgəsindən köç etmiş türkmən mənşəli ərəb ailələrinin bu ərazidə məskunlaşması nəticəsində formalaşmışdır.

Bildirilib ki, kənd əhalisinin sayı çox olmasa da, ümumilikdə qəhrəmanlıq göstərmiş 12 nəfər şəhid yetişdirmişdir. Həmçinin kənddə 32 nəfər qəhrəman ananın olduğu bildirilmişdir.

Rayon rəhbəri kəndin təhsil sahəsində formalaşmış ənənələrinə də toxunaraq Ərəb kənd məktəbinin 1936-cı ildə fəaliyyətə başladığını, 1956-cı ildə dördillik məktəb kimi, sonrakı illərdə isə səkkizillik məktəb kimi fəaliyyət göstərdiyini bildirmişdir. Eyni zamanda ərazidən çıxmış alimlər, elmlər namizədləri və xeyriyyəçilər barədə iştirakçılara məlumat verilmişdir.

Çıxış zamanı rayon rəhbəri Xırmandalı kənd məktəbinin 1976-cı ildə tikildiyi və cari ildə məktəbin yenidən tikilməsinin nəzərdə tutulduğu qeyd etmişdir.

Daha sonra söz rayon İcra Hakimiyyətinin sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdiri Famil Cəfərova verilmişdir:

Şöbə müdiri görülmüş işlər barədə məlumat verərək şəhid ailələrinə və aztəminatlı ailələrə göstərilən sosial dəstək tədbirlərindən bəhs etmişdir.
Bildirilmişdir ki, ərazi üzrə 1300 metr yol sahəsinə çınqıl örtüyü döşənmiş, Hacıtəpə körpüsü təmir edilmiş, aztəminatlı ailələrə ümumilikdə 1680 manat maddi yardım göstərilmişdir. Həmçinin 23 nəfər məktəbliyə zəruri məktəb ləvazimatları təqdim edilmiş, şəhid plakatları yenilənmiş, "Konstitusiya və Suverenlik" ili çərçivəsində 350 ədəd ağac əkilmiş və kənd ərazisində artezian quyusu qazılmışdır.

Görüş-qəbul zamanı kənd sakinlərinin müraciət və təklifləri dinlənilmişdir:

Şəhid atası Sarıbala müəllim çıxış edərək qeyd etmişdir ki, həyata keçirilən tədbirlər nəticəsində ərazidə abadlıq və quruculuq işləri genişləndirilmiş, müvafiq layihələrin icrası üçün əlverişli şərait yaradılmışdır. O bildirmişdir ki, görülən işlər çərçivəsində kənd ərazisinə şəhidlərin xatirəsinə həsr olunmuş 42 ədəd işıqlandırma dirəyi gətirilmişdir.

Qeyd olunmuşdur ki, hazırda şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə həmin dirəklərin müvafiq qaydada quraşdırılması və ərazinin abadlaşdırılması istiqamətində işlərin aparılması nəzərdə tutulur.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov tərəfindən qeyd olunan məsələnin həlli istiqamətində müvafiq köməklik göstərilməsi məqsədilə “Azərişıq” ASC-nin aidiyyəti rəhbərliyinə müvafiq tapşırıqlar verilmişdir.

Veteran müəllim Qulu Gözəlov çıxış edərək rayon rəhbərliyi ilə keçirilən görüşdən məmnunluğunu ifadə etmiş, kəndin tarixi ilə bağlı səsləndirilən fikirləri yüksək qiymətləndirdiyini bildirmişdir.

Qulu Gözəlov çıxışında Xırmandalı kəndinin içməli su ilə təminatı məsələsini diqqətə çatdırmışdır.

Eyni zamanda, kəndin sosial və infrastruktur problemlərinin mövcud olduğunu qeyd edən çıxışçı, xüsusilə yol infrastrukturunun yaxşılaşdırılmasının zəruri olduğunu diqqətə çatdırmışdır.

Veteran müəllim kənd sakinləri və ağsaqqallar adından göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə təşəkkürünü bildirmiş, həyata keçirilən işlərdə uğurlar arzulamışdır.

Digər iştirakçıların müraciətləri əsasən sosial-məişət və infrastruktur məsələlərini əhatə etmişdir.

Kənd sakinləri tərəfindən Ərəb kəndində içməli su təminatı ilə bağlı mövcud çətinliklər diqqətə çatdırılmışdır. Eyni zamanda, yağışlı hava şəraitində yolların su altında qalması səbəbindən bəzi yaşayış evlərinin həyətyanı sahələrinə gediş-gəlişin çətinləşdiyi bildirilmiş, həmin ərazilərə çınqıl örtüyünün döşənməsi məqsədilə əlavə texniki dəstəyin göstərilməsi xahiş olunmuşdur.

Digər çıxış edən sakin yaşadığı ərazidə təxminən 150-200 metr uzunluğunda yol sahəsinin qəzalı vəziyyətdə olduğunu qeyd edərək, həmin hissədə hərəkətin çətinləşdiyini bildirmiş və yolun bərpası üçün çınqıl örtüyünün salınmasını xahiş etmişdir.

Digər kənd sakini isə elektrik enerjisi ilə bağlı müraciət edərək, yaranmış borc səbəbindən elektrik enerjisinin dayandırıldığını və bu səbəbdən çətinliklərlə üzləşdiyini diqqətə çatdırmışdır.

Rayon rəhbəri tərəfindən qaldırılan müraciətlərə baxılmış, bəzi məsələlər yerindəcə öz həllini tapmış, digər müraciətlərin araşdırılması və həlli istiqamətində isə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir.
Seçilən
27
1
azadmedia.az

2Mənbələr