Fevralın 4-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Bərdə regional “ASAN xidmət” mərkəzinin və Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Narkomaniyanın reallığı” mövzusunda seminar keçirilib.
“Narkotik vasitələrin psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair Dövlət Proqramı”nın müvafiq bəndinə əsasən keçirilən tədbirdə valideynlər,təhsil müəssisələrinin rəhbərləri, müəllimlər və psixoloqlar iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən Bərdə regional “ASAN xidmət” mərkəzinin əməkdaşı Saray Quliyeva dövlət proqramları haqqında danışıb və mövzunun aktuallığına diqqət çəkib.
XQ xəbər verir ki, seminar zamanı Dövlət Komitəsinin əməkdaşı Həsən Əliyev narkotik vasitələrin yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər barədə çıxış edib. O, bu vasitələrin insanların sağlamlığına vurduğu zərərdən bəhs edib, sağlam mühitdə yaşamağın vacibliyini qeyd edib.
Daha sonra Bərdə Rayon Polis Şöbəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun baş inspektoru, polis baş leytenantı Arzu Rəşidzadə çıxış edərək hüquq mühafizə orqanları tərəfindən həyata keçirilən profilaktik tədbirlər, hüquqi məsuliyyət və erkən müdaxilənin əhəmiyyəti barədə iştirakçıları məlumatlandırıb.
Seminar zamanı Komitənin layihəsi əsasında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin nümayəndələri uşaqların asudə vaxtının səmərəli təşkili ilə bağlı fikirlərini səsləndiriblər.
Tədbirin yekununda iştirakçıların sualları cavablandırılıb, videoçarxlar nümayiş etdirilib, maarifləndirici materiallar paylanılıb.
XQ