AZ

Bir cümlə ilə “məşhurlaşan” məmurun vəzifəsi... Toplananların yeri dəyişsə də, cəm dəyişmir

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sumqayıtda qanunsuz küçə ticarətinə qarşı keçirilən reyd zamanı bir cümlə ilə “məşhurlaşan” məmurun vəzifə dəyişikliyi cəmiyyətə çox şey deyir. Daha doğrusu, demədiyini deyir. Hadisənin mahiyyəti dəyişməsə də, yalnız ünvanı dəyişib.

Samir Bədəlovun sosial şəbəkələrdə müzakirə doğuran davranışı bir anlıq emosional reaksiya kimi təqdim oluna bilərdi. Amma məsələ təkcə bir məmurun sərt ifadəsində deyildi. Məsələ dövlət-vətəndaş münasibətində illərdir formalaşan yanaşmanın açıq kameralar qarşısında səslənməsində idi: “Səkidə satırsansa, bu artıq sənin deyil”. Bu cümlə cəmiyyətin yaddaşında qaldı. Çünki o, qanundan çox, gücün danışdığını xatırlatdı.

İndi nəticə nədir? Struktur dəyişdi, sektor ləğv olundu, kresloların adı dəyişdi. Amma yanaşma dəyişdimi? Xeyr. Sadəcə Samir Bədəlov bir sektordan alınıb, başqa sektora verildi. Vəzifə ixtisar olunmadı, məsuliyyət sorğulanmadı, ictimai qınaq qərara çevrilmədi.

Bu nöqtədə köhnə bir riyazi həqiqət yada düşür: Toplananların yeri dəyişsə də, cəm dəyişmir.

Məmur sistemində tez-tez şahidi olduğumuz budur. Səhv davranış cəzalandırılmır, sadəcə yerini dəyişir. Bir otaqdan çıxıb digər otağa keçir. Bir sektor bağlanır, digəri açılır. Amma vətəndaşın məmur qarşısında özünü güvənli hiss etməsi üçün əsaslı heç nə dəyişmir.

Əgər bir məmurun davranışı ictimai narazılıq doğurursa, problem həmin məmurun harada işləməsində yox, necə işləməsindədir. Onu memarlıq-tikinti sektoruna keçirməklə küçə ticarətindəki problem həll olunmur, sadəcə gündəmdən çıxarılır. Sabah oxşar yanaşma başqa bir vətəndaşa, başqa bir sahədə tətbiq ediləndə yenə eyni suallar yaranacaq.

Əsl islahat struktur cədvəlində yox, düşüncə tərzində olmalıdır. Vəzifə dəyişmək yox, münasibət dəyişmək lazımdır. Əks halda, adlar dəyişəcək, sektorlar dəyişəcək, amma cəmiyyətin məmura olan inamsızlığı dəyişməyəcək.

Bu gün Samir Bədəlovun yeri dəyişdi. Sabah başqası olacaq. Amma yanaşma eyni qalarsa, cəm həmişə eyni çıxacaq.

Leyla Mirzə, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
5
icma.az

1Mənbələr