AZ

"Arsaxdan sonra hədəf Mehri və Zəngəzurdu" - İsveçrədə muzdlu erməni əlaltıları susmur...



Erməni mediasında yayımlanan və guya şveytsariyalı deputat Erich Vontobelin “Artsaxdakı hüquqlardan imtina edildiyi təqdirdə Azərbaycanın gələcəkdə Mehri və Zəngəzura iddia edə biləcəyi” barədə səsləndirdiyi fikirlər ilk baxışdan siyasi narahatlıq kimi təqdim edilsə də, mahiyyət etibarilə reallıqlardan uzaq, manipulyativ və qərəzli yanaşmanın növbəti təzahürüdür. Bu cür açıqlamalar nə beynəlxalq hüquqa, nə tarixi faktlara, nə də regionda formalaşmış yeni geosiyasi vəziyyətə uyğun gəlir. Bu erməni diasporunun növbəti muzdlu nökərlərindən birinin fikridir. Daxildə isə bu fikri tirajlamaqda Rusiyanı dəstəkləyən revanşistlər maraqlıdır.

Əvvəla xatırlatmaq lazımdır ki, 1988-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan SSR-in, dolayısıyla Azərbaycanın ayrılmaz tərkib hissəsi idi. Bu fakt nə mübahisəlidir, nə də şərhə açıqdır. 1991-1994-cü illərdə Ermənistan silahlı qüvvələrinin Rusiyanın birbaşa və dolayı dəstəyi ilə Dağlıq Qarabağı və ətraf yeddi rayonu işğal etməsi beynəlxalq hüququn kobud şəkildə pozulması idi. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri bu işğalı açıq şəkildə təsdiqləyir və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edirdi. Bu sənədlər hələ də qüvvədədir və heç vaxt ləğv olunmayıb.

Belə olan halda İsveçrə Federal Məclisinin Milli Şurasının üzvü olan, uzun illər kanton və federal səviyyədə siyasətlə məşğul olmuş Erich Vontobelin bu qətnamələrdən, eləcə də Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suveren hüquqlarından xəbərsiz olması mümkün deyil. Deməli, burada söhbət məlumatsızlıqdan yox, şüurlu siyasi mövqedən gedir. Bu mövqenin isə obyektivliklə və ya “insan hüquqlarının müdafiəsi” ilə əlaqəsi son dərəcə şübhəlidir.

Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində BMT tərəfindən tanınmış ərazilərini işğaldan azad etdi. Bu proses beynəlxalq hüququn özünümüdafiə prinsipinə tam uyğun idi. Azərbaycan ordusu hərbi, siyasi və mənəvi üstünlüyə malik olduğu halda əməliyyatları Ermənistan ərazisinə keçirmədi və yalnız öz suveren sərhədləri daxilində hərəkət etdi. Hətta müharibə zamanı Azərbaycan İrəvana qədər irəliləmək imkanına malik olsa da, bunu etmədi və humanizm, eləcə də beynəlxalq məsuliyyət nümayiş etdirdi. Ermənistan isə kapitulyasiya aktına imza ataraq qalan əraziləri döyüşsüz tərk etməyi öhdəsinə götürdü. Bu gün rəsmi İrəvan da Qarabağın Azərbaycanın ayrılmaz bir hissəsi olduğunu açıq şəkildə etiraf edir.

Bu reallıqlar fonunda Vontobelin Azərbaycanın guya gələcəkdə Mehri və Zəngəzura iddia edəcəyi ilə bağlı səsləndirdiyi fikirlər əsassız qorxu yaratmaqdan və erməni cəmiyyətində revanşist ovqatı diri saxlamaqdan başqa bir məqsədə xidmət etmir. Azərbaycan heç vaxt beynəlxalq səviyyədə tanınmış başqa dövlətlərin ərazilərinə iddia etməyib və hazırda əsas hədəfi regionda davamlı sülhün və əməkdaşlığın təmin olunmasıdır. Ermənistanla sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiya və demarkasiyası, kommunikasiyaların açılması Bakı üçün prioritet istiqamətlərdir.

"Christian Solidarity International" təşkilatının rəhbəri Con Aibnerin “hüquqların pozulması” ilə bağlı açıqlamaları da eyni selektiv yanaşmanın tərkib hissəsidir. Otuz il ərzində bir milyona yaxın azərbaycanlının doğma yurdundan didərgin salınması, Xocalı və digər onlarla kəndlərimizin soyqırıma nəruz qalması, mədəni və dini irsin məhv edilməsi bu dairələr tərəfindən ya görməzdən gəlinib, ya da bilərəkdən susqunluqla qarşılanıb. İnsan hüquqları anlayışının yalnız bir tərəfə tətbiq edilməsi isə bu anlayışın özünü dəyərsizləşdirir.

Sual yaranır: İsveçrənin və ya ayrı-ayrı isveçrəli deputatların Cənubi Qafqaz münaqişəsində bu cür birtərəfli mövqe sərgiləməkdə marağı nədir? Cavab böyük ehtimalla daxili siyasi dividentlər, müəyyən diaspor qruplarının təsiri və ya “humanitar narahatlıq” adı altında geosiyasi təsir imkanları əldə etmək cəhdləridir. Lakin bu cür yanaşmalar nə sülhə xidmət edir, nə də regionda etimadın formalaşmasına töhfə verir.

Erməni mediasında bu tip açıqlamaların tirajlanması isə ilk növbədə Ermənistan cəmiyyətinin özünə ziyan vurur. Reallıqlarla barışmaq, qonşularla normal münasibətlər qurmaq əvəzinə, xarici siyasətçilərin populist və qərəzli bəyanatlarına ümid bağlamaq Ermənistanı daha da dalana aparır. Bu baxımdan belə çıxışlar erməni icmasının maraqlarına yox, əksinə, onun gələcək inkişaf perspektivlərinə qarşı yönəlmiş addımlar kimi qiymətləndirilməlidir.

Nəticə etibarilə, Erich Vontobel kimi siyasətçilərin səsləndirdiyi iddialar nə tarixi faktlara, nə beynəlxalq hüquqa, nə də regionda yaranmış yeni reallıqlara uyğun deyil. Bu cür muzdlu bəyanatlar sülh prosesini əngəlləməkdən başqa bir nəticə vermir və obyektiv müşahidəçi üçün açıq şəkildə siyasi qərəzin nümunəsi kimi görünür.

Akif NƏSİRLİ

Seçilən
7
baki-xeber.com

1Mənbələr