Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Abşeron rayonunun Saray qəsəbəsinin sakinləri təcili tibbi yardım xidməti ilə bağlı ciddi problemlər yaşayırlar.
Bu barədə Oxu.Az-a müraciət daxil olub.
Qeyd olunub ki, qəsəbənin özünə məxsus təcili yardım briqadası və avtomobili olmadığı üçün çağırışlar üzrə sakinlərə Xırdalan şəhərindən xidmət göstərilir.
Sakinlərin bildirdiyinə görə, bu vəziyyət təcili hallarda vaxt itkisinə yol açır, bəzən briqada 1 saat sonra gəlib çıxır:
"Xırdalandan gələn təcili yardım maşınları, çağırışların çoxluğu, məsafə və yol şəraiti səbəbindən hadisə yerinə vaxtında çata bilmirlər. Nəticədə xəstələrin vəziyyəti kritikləşir, bəzi hallarda hətta həyati risk yaradır. Minlərlə insanın yaşadığı Saray qəsəbəsinin niyə hələ də özünə məxsus təcili yardım maşınları və briqadaları yoxdur?" - deyə, müraciətdə bildirilir.
Oxu.Az-ın sorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi faktı təsdiqləyib:
"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin mövcud infrastrukturunda Saray qəsəbəsi üçün xüsusi stansiya fəaliyyət göstərmir. Bu ərazi üçün çağırışlara Abşeron rayonunda mövcud olan bölmədən təcili tibbi yardım briqadaları göndərilir. Gələcəkdə Saray Ailə Sağlamlıq Mərkəzində təcili tibbi yardım filialının açılması nəzərdə tutulur.
Bundan əlavə qeyd edək ki, təcili tibbi yardım maşınlarının rayonlarda çağırış ünvanına çatma vaxtı bir sıra amillərdən asılı olaraq dəyişə bilər. Ümumi yanaşmaya əsasən, bu müddət orta hesabla 15-20 dəqiqə təşkil edir. Lakin kənd ərazilərində yol və hava şəraiti, həmçinin məsafənin uzaqlığı nəzərə alınmaqla, bu müddət 30 dəqiqə və ya daha artıq ola bilər. Pik saatlarda isə həm obyektiv, həm də subyektiv səbəblərə görə gecikmələr baş verə bilir.
Gecikmələrin minimuma endirilməsi məqsədilə çağırışlar prioritetliyə görə çeşidlənir və müraciət çox olan ərazilərə ətraf bölgələrdən əlavə briqadalar cəlb olunur. Bu, mövcud təcili yardım briqadalarından daha səmərəli istifadə edilməsi məqsədilə həyata keçirilir".
Əzizə İsmayılova
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.