AZ

"Narkotik istifadəçilərinin müalicəsi könüllü və məxfi şəkildə aparılır" - RƏSMİ AÇIQLAMA

"Narkoloji xəstələrin müalicəsi birmənalı şəkildə könüllülük prinsipi əsasında həyata keçirilir. 18 yaşdan yuxarı hər bir narkotik istifadəçisinin anonim şəkildə müalicə olunmaq hüququ var. Anonimlik müalicə xidmətinin ayrıca bir formasıdır və bu zaman şəxsin adı, soyadı və digər məlumatları qeydə alınmır".

Redaktor.az xəbər verir ki, bunu Respublika Narkoloji Mərkəzinin baş direktoru Fəzail Sadıqov Səhiyyə Nazirliyinin instaqram hesabında keçirilən canlı yayımda vurğuladı.

Onun sözlərinə görə, qeydiyyata düşərək stasionar müalicə alan xəstələr də mövcuddur:

"Belə hallarda xəstəyə xəstəlik tarixi açılır və yaşadığı yer üzrə qeydiyyat aparılır. Bu məlumatlar tam məxfi saxlanılır və yalnız hüquq-mühafizə orqanlarının yazılı sorğusu əsasında təqdim edilə bilər. Qonşu və ya üçüncü şəxslərin sorğusu ilə bu cür məlumatların verilməsi qadağandır. Anonim müalicənin əsas məqsədinin insanların utanmadan və çəkinmədən müalicəyə müraciət etməsinə şərait yaratmaq olduğu vurğulanır. Cəmiyyətdə mövcud olan “adım düşər, mənə pis baxarlar” qorxusu bəzi hallarda insanların qeyri-peşəkar və nəzarətsiz məkanlara üz tutmasına səbəb olur. Qanunvericilikdən kənar fəaliyyət göstərən, özünü reabilitasiya mərkəzi kimi təqdim edən yerlər mövcuddur. Halbuki müalicə tibbi problemdir və bu proseslə yalnız tibb işçiləri məşğul olmalıdır".

Nuriyyə NATİQQIZI

Seçilən
28
redaktor.az

1Mənbələr