AZ

COVİD 19 vaksinlərindən sonra yenisi gəlir? Hazırlıq başladı

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

“Nipah” virusuna qarşı peyvənd insanlar üzərində sınaqdan keçiriləcək. Belə ki, Tokio Universitetinin Qabaqcıl Elm və Texnoloji Tədqiqat Mərkəzinin mütəxəssisləri bu virusa qarşı effektiv olacağı gözlənilən peyvənd hazırlayıblar. Sosial şəbəkələrdə müzakirə obyektinə çevrilən bu məlumat əhali arasında artıq narahatlıq yaradıb. COVID-19 pandemiyasından sonra növbəti peyvəndin gündəmə gəlməsi ardıcıl vaksinlərin insan sağlamlığına mümkün təsirləri ilə bağlı sualları yenidən aktuallaşdırıb.

Bu vaksinlərlə immunitetimiz daha da zəifləyə bilərmi?

Globalinfo.az-a danışan funksional tibb mütəxəssisi, terapevt Sevinc Musayeva deyib ki, koronavirus pandemiyasından sonra yeni peyvəndlərin hazırlanması gözləniləndir:

“Nipah” virusu yüksək ölüm riski daşıyan zoonotik infeksiyadır, ona görə də peyvənd tədqiqatları qabaqlayıcı tədbir hesab olunur. Bu, ard-arda peyvənd olunma məcburiyyəti demək deyil, riskli durumlar üçün alternativ variantdır. Sınaqlardan keçmiş və təsdiqlənmiş vaksinlər immuniteti zəiflətmir, əksinə, konkret patogenə qarşı hazırlayır”.

Terapevt bildirib ki, fərqli peyvəndlərin ardıcıl tətbiqi sağlam insanlarda uzunmüddətli ciddi fəsad yaratmır:

“Əsas şərt peyvəndlərin təhlükəsizlik mərhələlərindən tam keçməsi və risk qruplarına düzgün şəkildə tətbiq olunmasıdır. Qeyd etdiyim kimi, düzgün hazırlanmış və sınaqlardan keçmiş vaksinlər immun sistemini yormur, bədənə müəyyən virusu tanımağı, nəticədə müdafiəni öyrədir. Vaksinlərin immuniteti ümumi şəkildə çökdürdüyünə dair elmi sübut yoxdur”.

Xatırladaq ki, artıq Hindistanda sözügedən virusdan ilk ölüm hadisəsi qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “Nipah” virusu ilə bağlı xəbərdarlıq edib. Qurum xəstəliyin pandemiyaya çevrilə biləcəyini bildirib.

Ləman İmran

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
46
globalinfo.az

1Mənbələr