AZ

Prezident İlham Əliyevin uzaqgörən siyasəti Azərbaycanı regional güc kimi daha da önə çıxarır - Deputat

Bakı, 4 fevral, AZƏRTAC

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri iki ölkə arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənməsi baxımından mühüm siyasi hadisə kimi qiymətləndirilir. Bu səfər təkcə ikitərəfli əlaqələrin dərinləşdirilməsi deyil, həm də regional və qlobal miqyasda qarşılıqlı maraqlara əsaslanan yeni əməkdaşlıq imkanlarının formalaşması baxımından xüsusi əhəmiyyət daşıyır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva deyib.

O bildirib ki, Azərbaycan ilə BƏƏ arasında münasibətlər qarşılıqlı hörmət, etimad və strateji baxış üzərində qurulub. Prezident İlham Əliyevin səfəri çərçivəsində keçirilən yüksəksəviyyəli görüşlər göstərdi ki, hər iki dövlət suverenlik, beynəlxalq hüquq və daxili işlərə qarışmamaq prinsiplərinə əsaslanan siyasəti dəstəkləyir. Bu amillər ölkələr arasında siyasi dialoqun davamlı və sabit inkişafına zəmin yaradır. BƏƏ rəhbərliyinin Azərbaycana olan müsbət münasibəti, xüsusilə ölkəmizin regionda sabitlik və əməkdaşlıq təşəbbüslərinə verdiyi töhfələr yüksək qiymətləndirilir. Prezident İlham Əliyevin yürütdüyü müstəqil və balanslaşdırılmış xarici siyasət Azərbaycanın beynəlxalq nüfuzunu artırmaqla yanaşı, etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirib.

Deputat bildirib ki, səfərin əsas uğurlarından biri iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə bağlı əldə olunan razılaşmalardır. BƏƏ Azərbaycanın qeyri-neft sektoru, bərpaolunan enerji, logistika, kənd təsərrüfatı və infrastruktur layihələrinə böyük maraq göstərir. Azərbaycan isə BƏƏ-nin qabaqcıl texnologiyalarından, maliyyə resurslarından və investisiya təcrübəsindən faydalanmaqda maraqlıdır. Xüsusilə enerji sahəsində əməkdaşlıq perspektivləri diqqət mərkəzindədir. Azərbaycanın “yaşıl enerji” strategiyası BƏƏ-nin bu sahədəki qlobal təcrübəsi ilə uzlaşır.

“Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaşıl enerji zonası elan edilməsi BƏƏ investorları üçün yeni və cəlbedici imkanlar yaradır. Prezident İlham Əliyevin səfəri çərçivəsində müzakirə olunan mühüm mövzulardan biri də nəqliyyat-logistika sahəsində əməkdaşlıq olub. Azərbaycanın yerləşdiyi strateji coğrafi mövqe – Şərq ilə Qərbi birləşdirən əsas tranzit mərkəzlərindən biri olması BƏƏ üçün xüsusi maraq kəsb edir. Orta Dəhliz layihəsi çərçivəsində əməkdaşlıq iki ölkə arasında ticarət dövriyyəsinin artmasına və regionlararası əlaqələrin güclənməsinə töhfə verə bilər. Səfər çərçivəsində humanitar, mədəni və təhsil sahələrində əməkdaşlığın inkişafı məsələləri də ön plana çıxıb. Azərbaycan multikulturalizm və tolerantlıq dəyərlərinə əsaslanan dövlət siyasəti ilə İslam dünyasında nümunəvi ölkə kimi tanınır. Bu baxımdan BƏƏ ilə mədəni-humanitar əməkdaşlıq xalqlar arasında qarşılıqlı anlayışın və yaxınlığın daha da möhkəmlənməsinə xidmət edir”, - deyə o əlavə edib.

J.Əliyevanın sözlərinə görə, Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri bir daha sübut etdi ki, ölkələrimizin münasibətləri, sadəcə, dostluq çərçivəsi ilə məhdudlaşmır, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Qarşıdakı dövrdə birgə investisiya layihələrinin reallaşdırılması, enerji və nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi, həmçinin beynəlxalq platformalarda qarşılıqlı dəstəyin davam etdirilməsi bu münasibətlərin əsas inkişaf istiqamətləri olacaq. Bu səfər Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə, iqtisadi və siyasi maraqlarının təmin olunmasına xidmət etməklə yanaşı, regionda sülh, sabitlik və əməkdaşlıq təşəbbüslərinə də mühüm töhfə verir. Məlum olan həqiqəti bir daha vurğulayaraq qeyd edirik ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti Azərbaycanı etibarlı tərəfdaş və regional güc kimi getdikcə daha da önə çıxarır.

Seçilən
15
1
azertag.az

2Mənbələr