AZ

“Azərbaycan–BƏƏ əlaqələri keyfiyyətcə yeni mərhələyə yüksəlib” - DEPUTAT DANIŞDI

“Cənab Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri Azərbaycan–BƏƏ münasibətlərinin inkişaf dinamikasında mühüm siyasi mərhələ kimi qiymətləndirilə bilər”.

Bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım SİA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu səfər Azərbaycanın xarici siyasət strategiyasının əsas prinsiplərindən olan etibarlı tərəfdaşlıq, uzunmüddətli əməkdaşlıq və qarşılıqlı maraqlara əsaslanan münasibətlərin ardıcıl şəkildə həyata keçirildiyini bir daha nümayiş etdirir.

Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında ikitərəfli münasibətlər qarşılıqlı hörmət, etimad və dövlətlərin suverenliyinə hörmət prinsipləri üzərində formalaşıb. Müasir mərhələdə bu əlaqələr təkcə diplomatik müstəvidə deyil, eyni zamanda iqtisadiyyat, investisiya mühiti, enerji və bərpa olunan enerji resursları, nəqliyyat-logistika infrastrukturu, humanitar və mədəni sahələr üzrə intensiv şəkildə inkişaf etməkdədir. Bu isə münasibətlərin çoxşaxəli və dayanıqlı xarakter aldığını göstərir.

Ölkə başçısının uzaqgörən, praqmatik və milli maraqlara əsaslanan siyasəti nəticəsində Azərbaycan–BƏƏ əlaqələri keyfiyyətcə yeni mərhələyə yüksələrək strateji tərəfdaşlıq səviyyəsinə çatmışdır. Bu strateji xətt regional və qlobal çağırışlar fonunda iki ölkə arasında əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verir.

Azərbaycan–Birləşmiş Ərəb Əmirlikləri parlamentlərarası dostluq qrupunun üzvü Fatma Yıldırımın da vurğuladığı kimi, dövlətlərarası münasibətlərin inkişafında parlamentlərarası əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Parlamentlər arasında qarşılıqlı səfərlər, qanunvericilik sahəsində təcrübə və fikir mübadiləsi, habelə beynəlxalq parlament platformalarında koordinasiyalı fəaliyyət siyasi etimadın möhkəmlənməsinə və ikitərəfli münasibətlərin institusional əsaslarının dərinləşməsinə real töhfə verir. Parlament diplomatiyası bu baxımdan strateji tərəfdaşlığın davamlı və uzunmüddətli xarakter almasını təmin edən mühüm mexanizm kimi çıxış edir.

Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər yeni inkişaf mərhələsinə daxil olmuşdur. Prezident İlham Əliyevin liderliyi ilə formalaşdırılan bu möhkəm siyasi kurs qarşıdakı illərdə də strateji tərəfdaşlığın daha da genişlənməsinə, əməkdaşlığın yeni sahələr üzrə dərinləşməsinə və hər iki ölkənin milli maraqlarına uyğun davamlı nəticələrin əldə olunmasına əlverişli zəmin yaradır”.

Müəllif: Günay Hacıyeva
Seçilən
33
1
sia.az

2Mənbələr