AZ

Ruhun aclığını heç bir süfrə doyura bilməz, musiqidən başqa…

Bəzən insanın hər şeyi var: süfrəsi doludur, evi işıqlıdır, ətrafı adamla əhatəlidir. Amma içində qəribə bir boşluq dolaşır. Adını qoya bilmədiyimiz, sözlə ifadə edə bilmədiyimiz bir aclıq… Bu, mədənin deyil, ruhun aclığıdır. Və bu aclığı nə çörək doyurar, nə zənginlik, nə də gündəlik tələsik həyatın səs-küyü.

Ruh ac olanda insan susur. Çünki bəzi ağrılar danışılmır, bəzi hisslər izah istəmir. Elə həmin anlarda musiqi başlayır danışmağa. Bir melodiya içimizdə illərlə susmuş xatirələri oyadır, unutduğumuzu sandığımız duyğuları ayağa qaldırır. Sanki ruh öz dilini tapır, notların arasında.

Musiqi bəzən bir etirafdır. Dilimizin deməyə cəsarət etmədiyini o deyir. Bəzən bir qucaqdır, heç kimin anlamadığı anda bizi anlayan. Hər insanın həyatında elə bir mahnı var ki, onu dinləyəndə özünü tək hiss etmir. Elə bil kimsə səssizcə “səni başa düşürəm” deyir.

Bu gün dünya səs-küylüdür, amma ruhlar səssizdir. Hamı danışır, az adam hiss edir. Musiqi isə hiss etməyi xatırladır. Tələsik addımların arasında dayanmağı, öz içinə baxmağı öyrədir. O, ruhun nəfəsidir , kəsiləndə insan yorulur, eşidiləndə insan dirçəlir.

Bəzən bir mahnı bizi uşaqlığımıza aparır, bəzən yarım qalmış sevgiyə, bəzən də heç yaşanmamış arzulara. Amma haraya aparırsa aparsın, bir həqiqəti dəyişmir: musiqi bizi özümüzlə üz-üzə qoyur. Və bəlkə də buna görə qorxulu, amma eyni zamanda şəfavericidir.

Ruhun aclığını doyurmaq üçün süfrə qurmaq olmur. Ora boşqab qoyulmur, qaşıq uzadılmır. Ora bir melodiya qoyulur. Bir səs. Bir ritm. Və insan anlayır ki, hələ yaşayır. Hələ hiss edir. Hələ insan olaraq qalır.

Çünki musiqi sadəcə səs deyil. Musiqi , ruhun qidasıdır.

Müəllif: Günay Hacıyeva
Seçilən
16
1
sia.az

2Mənbələr