AZ

Azərbaycanın investisiya imkanları Türkiyənin Aralıq dənizi bölgəsində təqdim olunub

Azərbaycanın Türkiyədə ticarət nümayəndəsi Tamerlan Tağıyev Antalya, Burdur və İsparta vilayətlərində, eləcə də Alanyada ticarət və sənaye palatalarının təmsilçiləri ilə işgüzar görüşlər keçirib.

Görüşlər zamanı həmin bölgələrin ticarət və sənaye palatalarında təmsil olunan iş adamlarına Azərbaycanın əlverişli biznes və investisiya mühiti barədə məlumat verilib. Ölkəmizdə fəaliyyət göstərən sənaye parklarında, Ələt Azad İqtisadi Zonasında, işğaldan azad edilmiş ərazilərdə investorlar üçün nəzərdə tutulan güzəştlər, imtiyazlar, həmçinin təşviq mexanizmləri barədə təqdimatlar olub.

Ticarət nümayəndəsi Tamerlan Tağıyev türkiyəli iş adamlarını Azərbaycanda, xüsusilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələrdə fəal iştiraka dəvət edib, onları investorlara təqdim olunan təşviq və dəstək mexanizmlərindən yararlanmağa çağırıb.

Görüşlərdə iş adamlarının sualları cavablandırılıb, əməkdaşlıq imkanları haqqında fikir mübadiləsi aparılıb.

Seçilən
12
1
vergiler.az

2Mənbələr