AZ

"Bu görüş sıradan protokol tədbiri deyil" - ŞƏRH

"Azərbaycan Müdafiə Nazirliyinin rəhbər heyətinin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri Bakının son illər izlədiyi çoxvektorlu təhlükəsizlik strategiyasının məntiqi davamı kimi qiymətləndirilməlidir".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Turasl İsmayılov deyib.

Onun sözlərinə görə, bu görüş sıradan protokol tədbiri deyil, regional və qlobal dəyişikliklər fonunda Azərbaycanın hərbi tərəfdaşlıq coğrafiyasını genişləndirməyə yönəlmiş məqsədyönlü addımdır:

"BƏƏ Yaxın Şərqdə ən sürətlə modernləşən ordulardan birinə, inkişaf etmiş müdafiə sənayesinə və qabaqcıl hərbi texnologiyalara malik ölkədir. Azərbaycan üçün bu əməkdaşlıq təkcə siyasi yaxınlaşma deyil, eyni zamanda hərbi-texniki modernləşmə baxımından real praktik imkanlar yaradır. Birgə təlimlər və qarşılıqlı səfərlər şəxsi heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə, əməliyyat uyğunluğunun artırılmasına və döyüş təcrübəsinin paylaşılmasına xidmət edir. Görüşdə hərbi təhsil sahəsinin xüsusi vurğulanması isə göstərir ki, tərəflər əməkdaşlığı yalnız silah alqı-satqısı çərçivəsində yox, uzunmüddətli institusional əsasda qurmaq niyyətindədirlər. Bu yanaşma Azərbaycanın ordu quruculuğunda dayanıqlı model formalaşdırmaq istəyindən xəbər verir. Geosiyasi kontekstdə isə bu təmaslar Bakının strateji manevr imkanlarını genişləndirir. Azərbaycan təhlükəsizlik arxitekturasını yalnız ənənəvi tərəfdaşlarla məhdudlaşdırmır, Körfəz ölkələri ilə əlaqələri gücləndirməklə regional balansda əlavə dayaqlar yaradır. Bu da Cənubi Qafqazda Azərbaycanın mövqelərini daha da möhkəmləndirir. Nəticə etibarilə, Zakir Həsənov–Məhəmməd bin Mübarək Əl-Məzrui görüşü Azərbaycanın müdafiə diplomatiyasında yeni mərhələ kimi dəyərləndirilə bilər. Bakı göstərir ki, postmüharibə dövründə prioritet yalnız hərbi qələbəni qorumaq deyil, həm də ordunun texnoloji və institusional inkişafını təmin edəcək beynəlxalq tərəfdaşlıq şəbəkəsini genişləndirməkdir".

Müəllif: Arzu Qurbanlı
Seçilən
5
1
sia.az

2Mənbələr