AZ

Torpaq almaq istəyənlərin NƏZƏRİNƏ – Sürətli bahalaşma BAŞLADI

Son illər Bakıda daşınmaz əmlak bazarında müşahidə olunan qiymət artımı cəmiyyətin bütün təbəqələrində ciddi maraq doğurur. Xüsusilə torpaq sahələri və yeni tikilən yaşayış binalarında bahalaşmanın davam etməsi həm ev almaq istəyən vətəndaşları, həm də investorları düşündürür.

Artan tikinti xərcləri, şəhərdə torpaq ehtiyatlarının məhdudlaşması, əhali artımı və paytaxtda infrastrukturun genişlənməsi bazara olan tələbatı daha da gücləndirir. Bu fonda mütəxəssislərin verdiyi proqnozlar daşınmaz əmlak sektorunun yaxın illərdə hansı istiqamətdə inkişaf edəcəyini anlamaq baxımından xüsusi əhəmiyyət daşıyır.

Son açıqlamalara əsasən, Bakıda torpaq sahələrinin orta hesabla 15 faiz, təməldən tikilən yaşayış binalarının isə 17 faiz bahalaşacağı gözlənilir. Bu rəqəmlər bir tərəfdən bazarda aktivliyin qorunduğunu göstərsə də, digər tərəfdən mənzil sahibi olmaq istəyənlər üçün əlavə maliyyə yükü deməkdir. Xüsusilə mərkəzi rayonlarda qiymətlərin daha sürətlə artması sosial bərabərsizliyin dərinləşməsi riskini də gündəmə gətirir. Məhz buna görə də bu proseslərin səbəblərinin və gələcək perspektivlərinin ekspert baxışı ilə izah olunması böyük önəm kəsb edir.

Ramil Osmanlı

Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirilib ki, hazırkı bahalaşmanın əsas səbəbi Bakıda torpaq resurslarının məhdudlaşması və tikinti sektorunda xərclərin artmasıdır:

“Xüsusilə Nərimanov, Yasamal, Səbail və Xətai kimi rayonlarda torpağa və yeni tikililərə maraq yüksək olduğu üçün, qiymətlər burada daha sürətlə yüksəlir. Tikinti materiallarının idxaldan asılı olması, daşınma və logistika xərclərinin artması da mənzillərin maya dəyərinə birbaşa təsir göstərir. Yaxın illərdə də daşınmaz əmlak bazarında artım davam edəcək, lakin əvvəlki dövrlərlə müqayisədə temp tədricən zəifləyəcək. Onun sözlərinə görə, fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərində qiymət artımının nisbətən aşağı olması bazarda müəyyən balansın formalaşmasına imkan yarada bilər. Bununla belə, torpaq sahələri və təməldən tikilən layihələr investorlar üçün ən cəlbedici seqment olaraq qalacaq”.

Ekspert hesab edir ki, vətəndaşlar bu şəraitdə mənzil və ya torpaq alarkən tələsməməli, bazarı diqqətlə izləməli və uzunmüddətli perspektivi nəzərə almalıdırlar:

“Dövlət tərəfindən həyata keçirilən şəhərsalma layihələri, yeni yol və nəqliyyat xətlərinin çəkilməsi də bəzi ərazilərdə qiymət artımını sürətləndirə bilər. Bu baxımdan, düzgün məkan seçimi gələcəkdə həm yaşayış rahatlığı, həm də investisiya baxımından mühüm rol oynayacaq”.

Tunar

Seçilən
7
nocomment.az

1Mənbələr