AZ

Klintonlar Konqresdə ifadə verməyə hazırdır: Epşteyn işi Tramp üçün risk yaradırmı?..

ABŞ siyasətində yeni mərhələ: Epşteyn dosyeləri fonunda verilən ifadələr və mümkün siyasi nəticələr...

“SŞA:podstroçnik” teleqram-kanalı

Bill və Hillari Klintonlar mərhum maliyyəçi Ceffri Epşteynlə əlaqələri ilə bağlı ABŞ Konqresində ifadə verməyə hazır olduqlarını bildiriblər. Politico yazır ki, bu addım yanvar 2026-cı ildə Konqres komitəsinin çağırışlarını nəzərə almayan keçmiş prezident və sabiq dövlət katibi üçün “diqqətçəkən dönüş” kimi qiymətləndirilir.

Mənbələrə görə, Klintonların mövqeyindəki bu dəyişiklik həm hüquqi səbəblərlə, həm də uzun illər Demokrat Partiyasının aparıcı simaları olmuş bu ailəyə partiya daxilindən artan təzyiqlərlə bağlıdır. Yanvarın ortalarında Bill və Hillari Klintonlar ABŞ Konqresinin Nəzarət Komitəsində ifadə verməkdən imtina edərək çağırışları “etibarsız” və siyasi motivli adlandırmışdılar. Bundan sonra komitə sədri, respublikaçı Ceyms Komerin rəhbərliyi ilə Klintonlara qarşı Konqresə hörmətsizlik (contempt of Congress) proseduruna başlanmışdı.

Eyni zamanda, Nəzarət Komitəsində təmsil olunan demokratlar Klintonların dindirilməsinə etiraz etməmiş, əksinə, bunu qanunun hər kəsə şamil olunduğunu göstərmək üçün fürsət kimi qiymətləndirmişdilər. Komitə rəhbərliyində təmsil olunan konqresmen-demokrat Robert Qarsiya CNN-ə müsahibəsində bildirib ki, onlar ilk gündən Bill Klintonun ifadə verməsini istədiklərini açıq şəkildə deyiblər və indi bu qərarı alqışlayırlar.

Qeyd olunur ki, Konqres qarşısında ifadə vermək məhkəmə prosesi sayılmasa da, yalan ifadəyə görə məsuliyyət mövcuddur. ABŞ federal qanunvericiliyinə əsasən, Konqres komitələri şahidləri and içdirmək səlahiyyətinə malikdir. And içilmiş halda yalan ifadə 18 U.S.C. § 1621 maddəsi üzrə perjury kimi qiymətləndirilir. And tətbiq edilmədiyi hallarda isə 18 U.S.C. § 1001 maddəsi qüvvədə qalır və bu norma federal orqanlara, o cümlədən Konqresə bilərəkdən yalan və əhəmiyyətli məlumat verilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutur.

Müşahidəçilərin fikrincə, Epşteyn işi ətrafında yaranmış vəziyyət yalnız Klintonlarla məhdudlaşmır. Demokratlar bu mövzudan Donald Tramp administrasiyasına və onun ətrafına institusional təzyiq aləti kimi də istifadə edirlər. 19 noyabr 2025-ci ildə qəbul edilən Epstein Files Transparency Act qanunu Ədliyyə Nazirliyini Epşteyn işi üzrə bütün materialları, o cümlədən sənədlərdə adı keçən şəxslərin siyahılarını açıqlamağa məcbur edir. Milyonlarla səhifəlik sənədlərin dərcindən sonra bir sıra demokrat qanunvericilər açıqlamaların natamam olduğunu, bəzi yüksək vəzifəli fiqurlarla əlaqələrin gizlədilə biləcəyini iddia edərək Trampdan izahat tələb ediblər.

Demokratlar açıq şəkildə bildirirlər ki, əgər Bill Klinton Epşteyn işi üzrə ifadə verirsə, eyni yanaşma Donald Trampa da tətbiq olunmalıdır. Nümayəndələr Palatasının Nəzarət Komitəsinin üzvü Ceymi Raskin CNN-ə müsahibəsində “keçmiş prezidentlər ifadə verirsə, bu, hamıya şamil olunmalıdır” deyib. Senator Riçard Blumental isə MSNBC-yə açıqlamasında Trampın Konqres qarşısında cavab verməsinin zəruri olduğunu, əks halda bunun “ikili standartların açıq təsdiqi” sayılacağını vurğulayıb.

Son həftələr Epşteyn materiallarına maraq xüsusilə liberal mediada - CNN, MSNBC, The New York Times və The Washington Post-da daha da artıb. Bu nəşrlər mövzunu siyasi elitaların məsuliyyəti və Konqres nəzarəti kontekstində işıqlandırır, Trampın adı isə dolayısı ilə gündəmdə saxlanılır. Konservativ mediada isə mövzu əsasən demokratların siyasi hücumu kimi təqdim olunur.

Beləliklə, Klintonların Konqresdə çıxışı Trampın Epşteynlə mümkün əlaqələrinin araşdırılması istiqamətində daha geniş siyasi mübarizənin başlanğıcı kimi qiymətləndirilir. The New York Times-ın məlumatına görə, Epşteyn materiallarında Tramp və onun ətrafı ilə bağlı 5300-dən çox fayl mövcuddur. Əgər Tramp Konqresdə ifadə verər və açıqlamaları sənədlərlə ziddiyyət təşkil edərsə, üstəlik noyabr seçkilərində demokratlar Nümayəndələr Palatasında çoxluğu ələ keçirərsə, ABŞ prezidenti real impiçment riski ilə üzləşə bilər.

Xatırladılır ki, Donald Tramp və Ceffri Epşteyn 1990-cı illərdə Nyu-York və Florida elit dairələrində tanış olublar, Mar-a-Lago iqamətgahında keçirilən tədbirlərdə birlikdə görünüblər. Tramp 2002-ci ildə New York Magazine-ə verdiyi müsahibədə Epşteyni “illərdir tanıdığı biri” kimi qeyd edib. Bununla belə, Epşteyn qurbanlarının vəkili Bredli Edvardsın və məhkəmə materiallarının təsdiqinə görə, Tramp 2006–2007-ci illərdə Epşteynlə əlaqəni kəsib və onu Mar-a-Lago-ya buraxmayıb. Tramp dəfələrlə Epşteynlə münasibətləri onun həbsi ərəfəsindən xeyli əvvəl dayandırdığını bildirib.

Epşteyn işi yalnız ABŞ-də deyil, dünyada da bir çox nüfuzlu şəxslər üçün risk yaradır. Sənədlərdə keçmiş britaniyalı şahzadə Endryu, İlon Mask, Leon Blek, Les Veksner, Bill Qeyts, model agenti Jan-Lük Brüunel, eləcə də Avropa elitalarından bəzi nümayəndələrin, o cümlədən Norveç vəliəhdi şahzadə Mette-Maritin adları çəkilir.

Eyni zamanda, amerikalı prokurorlar vurğulayırlar ki, sənədlərdə adın keçməsi avtomatik olaraq cinayət məsuliyyəti demək deyil. SDNY-nin keçmiş prokurorları Ceffri Berman və Prit Bharara müxtəlif müsahibələrdə bildiriblər ki, ittiham üçün konkret sübutlar və cinayət tərkibi lazımdır, üstəlik bir çox epizodlar üzrə müddət məhdudiyyətləri mövcuddur.

Ceffri Epşteyn 2019-cu ildə həbs olunmuş, azyaşlıların cinsi istismarı və insan alveri ittihamları ilə üzləşmişdi. 10 avqust 2019-cu ildə Nyu-Yorkdakı həbsxanada ölü tapılması rəsmi olaraq intihar kimi açıqlansa da, hadisə illərlə davam edən mübahisələrə səbəb olub. Onun ölümündən sonra proseslər əsasən mülki iddialar və ətrafının araşdırılması ilə davam edib, yaxın silahdaşı Gisleyn Maksvell isə 2021-ci ildə təqsirli bilinərək 20 il həbs cəzası alıb.

Tərcümə Poliqon-a aiddir

Poliqon.info

Seçilən
13
poliqon.info

1Mənbələr