Azərbaycanın müharibədən sonra atdığı ən prinsipial addımlardan biri işğal dövründə insanlıq əleyhinə və müharibə cinayətləri törətməkdə ittiham olunan şəxslərin açıq məhkəmə prosesinə cəlb olunmasıdır. Bu təhlildə söhbət məhz həmin prosesin siyasi, hüquqi və tarixi mahiyyətindən gedir.
Bu məhkəmə təkcə konkret şəxslərin mühakiməsi deyil, bütövlükdə işğal siyasətinin hüquqi qiymətləndirilməsi və dövlət məsuliyyətinin ortaya qoyulması baxımından mühüm mərhələdir. Prezident İlham Əliyevin hələ müharibədən əvvəl Xocalı soyqırımı və digər ağır cinayətlərin mütləq hüquqi cavab alacağı ilə bağlı verdiyi açıqlamalar bu gün real məhkəmə müstəvisində təsdiqini tapır. Azərbaycan bu addımla göstərir ki, münaqişənin bitməsi yalnız hərbi qələbə ilə ölçülmür, ədalətin bərpası isə prosesin ayrılmaz hissəsidir .
Məhkəmə prosesində səslənən faktlar və təqsirləndirilən şəxslərin verdiyi ifadələr Ermənistanın Qarabağdakı işğalçı siyasətinin necə qurulduğunu açıq şəkildə ortaya qoyur. Qondarma rejimin müstəqil hərbi və siyasi struktur olmadığı, Ermənistan ordusunun tərkib hissəsi kimi fəaliyyət göstərdiyi, kadr təyinatlarının və təminatın birbaşa İrəvandan həyata keçirildiyi artıq hüquqi sənədlərlə və etiraflarla təsdiqlənir. Bu, uzun illər beynəlxalq müstəvidə yaradılmağa çalışılan “münaqişə tərəfləri” mifinin iflasıdır və işğalın bir dövlət siyasəti olduğunu sübut edən əsas məqamlardandır. Məhkəmədə Şuşanın işğalı, hərbi xidmət faktları və digər konkret epizodlar üzrə açıqlamalar cinayətlərin təsadüfi yox, planlı və sistemli xarakter daşıdığını göstərir.
Bu prosesin başqa bir mühüm tərəfi odur ki, Azərbaycan güclü xarici siyasi təzyiqlərə baxmayaraq geri addım atmadı və məhkəməni daxili hüquqi məsələ kimi sona qədər apardı. Tarixdə bir çox münaqişələr hərbi cəhətdən bitsə də, mülki əhalinin qətlində əli olan şəxslər cəzasız qalıb və bu, sülhü formal xarakterə salıb. Azərbaycan isə fərqli yol seçərək göstərdi ki, ədalət olmadan barış və gələcək sabitlik mümkün deyil. Bu baxımdan ölkənin atdığı addım təkcə milli maraqların müdafiəsi deyil, həm də beynəlxalq hüququn real işləkliyinə dair presedentdir.
Nəticə etibarilə, bu məhkəmə prosesi Azərbaycanın postmünaqişə dövründə qurmaq istədiyi yeni reallığın əsas sütunlarından biridir. Burada məqsəd qisas yox, hüquqi həqiqətin üzə çıxarılması, qurbanların səsinin eşidilməsi və işğal siyasətinin məsuliyyət daşıyan tərəfinin adının açıq şəkildə qoyulmasıdır. Bu yanaşma həm daxili ictimai ədalət hissini gücləndirir, həm də gələcəkdə oxşar cinayətlərin təkrarlanmaması üçün ciddi mesaj rolunu oynayır. Azərbaycan bu proseslə müharibənin yalnız döyüş meydanında deyil, hüquq müstəvisində də yekunlaşdırıldığını nümayiş etdirir.
Alim Nəsirov