Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 2-də Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed ən-Nəhyanla görüşünün mühüm məqamlarından biri də Əbu-Dabidə Azərbaycan və BƏƏ Silahlı qüvvələri arasında keçirilən “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təlimlərinin əhəmiyyətinin vurğulanması olub.
Görüş zamanı bu təlimlərin iki ölkənin silahlı qüvvələri arasında operativ hərbi uyğunluğun inkişafına mühüm töhfə verəcəyi qeyd edilib və bu cür təlimlərin gələcəkdə də davam etdirilməsinin vacibliyi xüsusi vurğulanıb.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Azərbaycan onlarla ölkə ilə hərbi-texniki və hərbi təhsil sahələrində fəal əməkdaşlıq edir:
“Bu ölkələrdən biri də Birləşmiş Ərəb Əmirlikləridir. Azərbaycan və BƏƏ arasında əvvəllər də birgə hərbi təlimlər keçirilib. Sonuncu təlim ötən ilin oktyabr ayında hər iki ölkənin xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə baş tutub. Həmin təlimlərdə BƏƏ-ni Prezident Qvardiyasının Xüsusi Əməliyyatlar Komandanlığının bölmələri təmsil edirdi. ‘Sarsılmaz tərəfdaşlıq’ adlanan bu təlimlər kifayət qədər geniş spektri əhatə edirdi. Təlimlərin sonunda isə növbəti mərhələnin BƏƏ-də keçirilməsi barədə qərar qəbul olundu”.
Ekspertin sözlərinə görə, bu təlimlərin əsas məqsədi iki müttəfiq ölkənin xüsusi təyinatlı qüvvələrinin hissə və bölmələri arasında əməkdaşlığın genişləndirilməsi, ortaq praktikanın inkişaf etdirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.
“Təlimlər maksimum döyüş şəraitinə uyğunlaşdırılmış mühitdə keçirilib. Görüntülərdən də aydın olur ki, ssenarilərə yaşayış məntəqələrinə desant endirilməsi, yaşayış məskənlərində döyüş əməliyyatlarının aparılması və terrorçuların zərərsizləşdirilməsi daxildir. Həm Azərbaycan, həm də BƏƏ xüsusi təyinatlılarının əməliyyatları qarşılıqlı şəkildə izlənilib və qiymətləndirilib. Hər iki ölkənin xüsusi təyinatlıları bir-birinin təcrübəsindən faydalanır”.
Ədalət Verdiyev əlavə edib ki, Azərbaycan BƏƏ ilə eyni zamanda müdafiə sənayesi sahəsində də əməkdaşlıq edir:
“Hər iki ölkənin artan beynəlxalq nüfuzu və hərbi potensialı bu sahədə ortaq layihələrin reallaşdırılmasına imkan yaradır. Düşünürəm ki, bu ilin ortalarına qədər biz bu əməkdaşlığın real və konkret nəticələrini görə biləcəyik”.
Atilla Rzasoy