AZ

Turistlər üçün ən təhlükəli və “qeyri dost” 10 ÖLKƏ

Lent az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Yaxın vaxtlarda israillilər Pesax bayramı üçün istirahət planlarını bron etməyə başlayacaqlar. Bu səbəbdən turistlər üçün təhlükəli sayılan və getməyin tövsiyə olunmadığı istiqamətləri əvvəlcədən bilmək faydalıdır. Ümidverici bir xəbərlə başlayaq bu istiqamətlərin əksəriyyəti israillilər üçün onsuz da əlçatmazdır. Bu isə ora səyahət etmək cazibəsini demək olar ki, tam aradan qaldırır.

Lent.az xarici mediaya istinadla məlumat verir ki, 2026-cı il üçün səyahətçilər üçün ən təhlükəli və ən qeyri-dost ölkələrin reytinqini dərc edib. Bu qeyri-adi “anti-bələdçi”də adam oğurluqları, terrorizm, silahlı qruplaşmalar, vətəndaş müharibələri və xroniki qeyri-sabitlik kimi faktorlar yer alır.

Geosiyasi gərginlik və uzunmüddətli münaqişələr dünyanın bütöv regionlarını turizm xəritəsində “ağ ləkələrə” çevirir. Söhbət rəsmi olaraq səfər edilməsi tövsiyə olunmayan, bəzən isə həyati risk olmadan daxil olmağın mümkünsüz olduğu ölkələrdən gedir. Siyasi xaosa cinayətkarlıq, terror və zəif dövlət institutları da əlavə olunduqda, hətta təcrübəli səyahətçilər belə müdafiəsiz qalır.

Reytinq üç qlobal indeks əsasında tərtib olunub:

Vizaların əlçatanlığını və məhdudiyyətləri əks etdirən Pasport indeksi,

Münaqişə səviyyəsini və sabitliyi qiymətləndirən Qlobal sülh indeksi,

Cinayətkarlıq, terrorizm və turistlər üçün riskləri əhatə edən Təhlükə və təhlükəsizlik indeksi.

Somali

Somali uzun illərdir dünyanın ən təhlükəli ölkələri siyahısında yer alır. Burada küçə cinayətləri, adam oğurluqları, piratçılıq və davamlı silahlı toqquşmalar geniş yayılıb. Dövlət strukturları zəifdir, infrastruktur demək olar ki, mövcud deyil və əcnəbilər cinayətkar qruplaşmalar üçün asan hədəfə çevrilir. Dünyanın əksər ölkələri öz vətəndaşlarını Somaliyə səfərdən rəsmi şəkildə çəkindirir.

Eritreya

Qonaqpərvər xalq imicinə baxmayaraq, ölkə son dərəcə qapalı və sərt nəzarət altındadır. Turistlər ciddi hərəkət məhdudiyyətləri, siyasi təzyiq və daimi müşahidə ilə üzləşirlər. Terror təhlükəsi, qeyri-sabitlik və turizm infrastrukturunun olmaması fərdi səyahətləri demək olar ki, mümkünsüz edir.

Mali

Paytaxt Bamako şəhərində nisbətən dost münasibət görmək mümkün olsa da, ölkənin böyük hissəsi, xüsusilə şimal bölgələri cihadçı qruplaşmaların nəzarəti altındadır. Terror aktları, silahlı hücumlar və adam oğurluqları adi hala çevrilib və bu da ölkənin turizm potensialını demək olar ki, məhv edib.

Mərkəzi Afrika Respublikası

Zəngin mədəni irsə malik olan bu ölkə xroniki qeyri-sabitlikdən əziyyət çəkir. Silahlı dəstələr demək olar ki, nəzarətsiz fəaliyyət göstərir, zorakılıq səviyyəsi çox yüksəkdir, dövlət təhlükəsizlik sistemi isə faktiki olaraq işləmir. Bu, əcnəbilər üçün planetin ən təhlükəli yerlərindən biridir.

Liviya

Qəddafi rejiminin devrilməsindən sonra ölkə sabit idarəetməni bərpa edə bilməyib. Hakimiyyət bir-biri ilə mübarizə aparan qruplar arasında bölünüb, adam oğurluqları mütəmadi baş verir, əcnəbilər tez-tez zorakılıq və şantajın hədəfinə çevrilir. Mərkəzi nəzarət demək olar ki, yoxdur və vəziyyət gözlənilməz şəkildə dəyişir.

Şimali Koreya

Rəsmi olaraq müharibə olmasa da, turistlər tam dövlət nəzarəti altındadır. Qaydaların ən kiçik pozuntusu belə həbslə və ya deportasiya ilə nəticələnə bilər. Fərdi səyahətlər qadağandır, hər addım izlənir və cüzi səhv belə ciddi fəsadlar yarada bilər.

İraq

Bəzi bölgələrdə qismən bərpa və nisbi sabitlik müşahidə olunsa da, ölkə hələ də terror aktları, məzhəblərarası zorakılıq və siyasi qeyri-sabitliklə üz-üzədir. Ərazinin böyük hissəsi adi turizm üçün təhlükəsiz sayılmır.

Suriya

İllərlə davam edən vətəndaş müharibəsi ölkəni dünyanın ən riskli bölgələrindən birinə çevirib. Silahlı qruplaşmalar, cinayət şəbəkələri və daimi toqquşmalar səfərləri son dərəcə təhlükəli edir. Adam oğurluqları geniş yayılıb, infrastruktur isə ciddi şəkildə dağıdılıb.

Yəmən

Müasir dövrün ən ağır humanitar fəlakətlərindən biri burada yaşanır. Vətəndaş müharibəsi, terrorizm, mina sahələri və epidemiyalar ölkədə qalmağı ölümcül dərəcədə təhlükəli edir. Hətta humanitar missiyalar belə burada böyük risklə fəaliyyət göstərir.

Əfqanıstan

Antireytinqin lideri. Əfqanıstan uzun illərdir dünyanın ən az sülh olan ölkələri sırasında yer alır. Terror aktları, siyasi qeyri-sabitlik və elementar təhlükəsizliyin olmaması müstəqil turizmi demək olar ki, mümkünsüz edir. Əksər dövlətlər bu ölkəyə səfərlər üçün maksimum səviyyədə xəbərdarlıq tətbiq edir.

 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
lent.az

1Mənbələr