AZ

Yekun sülhə BİR ADDIM: Ermənistanın yeni Konstitusiyası bu tarixdə HAZIR OLACAQ

Ermənistanın yeni Konstitusiyasının mətni yaxın altı ay ərzində hazır olacaq.

KONKRET.az xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Srbui Qalyan bildirib.

Nazirin sözlərinə görə, işin yekunlaşdırılması mart ayına planlaşdırılıb və müəyyən edilmiş müddətlər dəyişdirilməyəcək.

“Mart ayında işimizin nəticələri yekunlaşdırılacaq. Biz əvvəlcədən müəyyən edilmiş müddətlərdən kənara çıxmayacağıq. O vaxta qədər mətni hazır və dərc edəcəyik”, — deyə nazir vurğulayıb.

Qalyan qeyd edib ki, yeni Konstitusiyanın mətni üzərində işin yekunlaşdırılması nazirliyin əsas prioritet istiqamətlərindən biridir.

Xatırladaq ki, 2025-ci ilin mart ayının sonunda Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan hakimiyyəti 2027-ci ildə yeni Konstitusiyanın qəbul edilməsi ilə bağlı referendum keçirməyi planlaşdırır. Eyni zamanda baş nazir əlavə edib ki, onun komandasında referendumun 2026-cı il parlament seçkiləri ilə paralel keçirilməsinin məqsədəuyğunluğu barədə fikir səslənib. O zaman Paşinyan Konstitusiyada dəyişikliklərin yalnız daxili siyasət məsələsi olduğunu, lakin bunun “regional və beynəlxalq təsirləri” ola biləcəyini qeyd edib. 2025-ci ilin aprel ayında isə o, parlamentdə deyib ki, yeni Konstitusiyada Bəyannaməyə istinad olmamalıdır.

Öz növbəsində, Azərbaycan Ermənistanın Konstitusiyaya düzəlişlər etməsini tələb edir və bunu həmin sənəddə Qarabağın Ermənistan Respublikası ilə birləşdirilməsinə birbaşa çağırışların yer alması ilə izah edir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Seçilən
36
konkret.az

1Mənbələr