Batut tullanması üzrə milli komandanın lideri Selcan Məhsudova ilin ilk startına hazırlaşır. İki həftədən bir qədər artıq vaxtdan sonra “uçan gimnastlar” mövsümü Bakıda açacaqlar. Fevralın 21–22-də paytaxtda Dünya Kuboku keçiriləcək.
Olimpiya iştirakçısı İdman.Biz-ə bildirib ki, eyni anda üç proqram növündə çıxış etməyi planlaşdırır.
“Məşqlər tam sürətlə gedir və ilk reytinq yarışının başlamasına elə də çox vaxt qalmayıb. Hazırlıq kifayət qədər intensivdir, formaya düşürük. Doğma divarlar arasında üç növdə – fərdi çıxışda, Şəfiqə Hümbətova ilə sinxron tullanmalarda və qarışıq cütlüklər arasında qardaşım Məhsudla sinxron çıxış edəcəyəm”, – deyə Selcan bildirib.
Qardaş-bacı tandemi sinxron proqramda kifayət qədər uğurlu nəticələr göstərir. Duet Pamplonada keçirilən dünya çempionatında bürünc medal qazanıb, bundan əvvəl isə Kotbusda Dünya Kubokunun qalibi olublar. Bu baxımdan onlar Bakı podiumunun əsas namizədlərindən sayılırlar.
İlin ilk startı, eyni zamanda, Avropa çempionatına hazırlığın ilk mərhələsi olacaq.
“Bu, bizim üçün ilin birinci yarısının əsas yarışı olacaq. Çempionat aprelin 8-12-də Portuqaliyanın Portimao şəhərində keçiriləcək. Uğurlu çıxış edərək mükafatçılar üçlüyündə yer almağı hədəfləyirəm”, – deyə Məhsudova qeyd edib.
Keçən il idmançı digər batutçuların nail ola bilmədiyi unikal uğura imza atıb. O, Almaniyada keçirilən Dünya Kubokunda bir kombinasiyada dördqat üçlü salto yerinə yetirib. Bununla belə, Olimpiadaya seçimə hələ vaxt olduğunu nəzərə alaraq proqramını daha da çətinləşdirməyi düşünmür.
“Los-Anceles Oyunlarına vəsiqə hələ yaxınlaşmayıb, amma artıq yaxınlaşmaqdadır. Gələn ildən lisenziya marafonu başlayacaq və biz Olimpiadaya növbəti vəsiqəni qazanmağa ümid edirik”, – deyə Məhsudova bildirib.
Bu arada, Bakıda keçiriləcək batut tullanması və tamblinq üzrə Dünya Kubokuna hazırda Qazaxıstan, Polşa, Türkiyə və ABŞ-dan 66 idmançı qeydiyyatdan keçib. Ən çox sayda heyətlə amerikalılar iştirak edəcək - onlar 16 atletlə Bakıya gələcəklər. Həmçinin neytral bayraq altında iki komanda da yarışacaq. Məhsudovanın əsas rəqiblərindən biri Paris Olimpiadasında beşinci olan Anjela Bladtseva ola bilər.