AZ

Ermənistan millisinin oyununa təyinat alan azərbaycanlı hakimdən açıqlama

Həyəcan hər zaman olur. Sadəcə, budəfəki həyəcan iştirakçı komandalardan hansısa birinin adı ilə bağlı deyildi.

"Unikal" xəbər verir ki, bu sözləri futzal üzrə Avropa çempionatının final mərhələsinə təyinat alan ilk azərbaycanlı hakim kimi tarixə düşən FIFA referisi Hikmət Qafarlı deyib.

Azərbaycan Futzal Federasiyasının rəsmi saytına müsahibə verən hakim turnirdə taymkiper kimi təyinat aldığı Ermənistan – Ukrayna matçı ilə bağlı təəssüratlarını bölüşüb: “Biz təyinat alan zaman sırf oyun qaydalarını əsas götürür, hakim kimi işimizi görürük. Həyəcan məsuliyyətdən irəli gəlirdi. Amma start fitindən sonra artıq həyəcan yerini oyunun atmosferinə buraxır”.

O, Avropa çempionatında tamam fərqli atmosfer olduğunu bildirib: “Qitənin ən nüfuzlu futzal yarışı, üstəlik 4 ildən bir keçirilir və ilk dəfə Azərbaycan hakimlik məktəbinin üzvü orada təmsil olunur. Karyeramın indiyə qədər olan hissəsinin ən həyəcanlı və qürurverici yarışıydı. İstər təşkilatçılıq, operativlik, komandaların oyunlara hazırlıq və yanaşması, istərsə də oyunların səviyyəsi, sürət, intizam, taktiki gedişlər və s. tam fərqli idi. Bu cür oyunları idarə edən hakimlər zövq almaqla yanaşı, daha məsuliyyətli olurlar”.

Referi qrup mərhələsinin oyunlarından sonra ona təyinat verilməməsinin səbəbini də açıqlayıb: “Qrup matçları bitdikdən sonra oyunların sayı demək olar, yarıbayarı azalır. Ona görə də UEFA hakimlərin bir hissəsini turnirdən azad etdi. 12 hakim geri göndərildi ki, onların da əksəriyyəti ilk dəfə təyinat alanlar idi. UEFA oyunların gərginliyini və ağırlığını nəzərə alaraq, pley-off mərhələsində daha təcrübəli referilərə təyinat verir. Aralarında elə hakimlər var ki, onlar 3-cü dəfə Avropa çempionatının final mərhələsində iştirak edirlər”.

Hikmət Qafarlı Avropa çempionatındanda yüksək və xoş təəssüratlarla qayıtdığını vurğulayıb: “Avropanın ən güclü milli komandalarının və hakimlərinin iştirak etdiyi çempionata qatıldım, oyunlar idarə etdim. Çempionat zamanı ilk dəfə videodəstək sisteminin iş prinsipi ilə tanış oldum, hətta Ukrayna – Litva görüşündə bundan istifadə etdim. Komandaların yüksək futzal bilikləri, göstərdikləri keyfiyyətli görüşlərin şahidi oldum və futzalın nə qədər sevimli idman oyunu olduğuna şahidlik etdim”.

Qeyd edək ki, Hikmət Qafarlı Avropa çempionatında Ukrayna – Litva matçında əsas, Gürcüstan – Fransa görüşündə isə üçüncü hakim olub.

Seçilən
8
4
unikal.az

10Mənbələr