AZ

Həyatı kinoya çevrilən aktrisa - Əntiqə Kərimzadə yazır…

Bu dünyada həyatı kino kimi olan insanlar da az deyil. Həyat onları hansı mərhələdə güldürəcək, hansı məqamda ağladacaq  bu da bəlli deyil. Tək görünən odur ki, insan ancaq ümidlərdən aslı yaşayır. Peşəsi aktyorluq olmasa da, tale onu kino sahəsinə gətirir.  Kino ona təkcə məşhurluq yox, həm də həyatında yeni bir səhifə açır. Taleyin gözləniləməz  oyunu onun da həyatını kinoya çevirir. 

Bu gün həyatı drama çevrilən aktrisa Töhfə Əzimovanın anım günüdür.  Əsl adı Tofilə olsa da, hər kəs ona Töhfə deyə müraciət  edirdi.
Töhfə  Əzimova (Ələsgərova) 6 fevral 1938-ci ildə Bakı şəhərində anadan olub. Əsl peşəsi fortepiano müəllimliyi olub. 

O, aktrisa kimi cəmi iki filmdə çəkilib və hər iki ekran əsərində də yaddaqalan obrazlar yaradıb. Töhfə xanımın kino sənətinə ilk gəlişi 1957-ci ilə təsadüf edir. O zaman onun 19 yaşı var idi. Görkəmli rejissor Lətif Səfərov  “Qızmar günəş altında" filmi üçün gənc xanım ifaçılar seçərkən, o zaman ali musiqi təhsil alan tələbə Töhfə Ələsgərova da onun diqqətini cəlb edir. Rejissor  onu ekran əsərinin çəkilişlərinə çağırır.

Filmə çəkilmək Töhfə Əzimovanın həyatını büsbütün dəyişir. Gözlənilməz xoşbəxtlik aktrisanın tale qapısını döyür. Belə ki, çəkilişlər zamanı "Qızmar günəş altında" filminin rəssamı Cəbrayıl Əzimovla tanış olan gənc aktrisa həyatını onunla birləşdirməyə qərar verir.  Onlar bir ildən sonra ailə qururlar. Bu nigahdan  onların  Elman adlı bir oğlu dünyaya gəlir. 

Töhfə Əzimovanın aktrisa kimi ikinci dəfə ekran qarşısına çıxmağı 1963-cü ildə çəkilən "Əhməd haradadır?" filmində gerçəkləşir.

Hər iki filmdən kifayət qədər məşhurluq qazanan aktrisanın həyatında gözlənilməz hadisə baş verir.  Belə ki, Əzimovlar ailəsinin xoşbəxtliyi uzun müddət davam etmir. 1969-cu ildə 43 yaşlı Cəbrayıl Əzimov yeganə oğlu Elman və onun doslarını Şıxov çimərliyinə apararkən avtomobil qəzasına düşür. Təəssüf ki, Cəbrayıl Əzimovun həyatını bu qəzada xilas etmək olmur.  

Bu dəhşətli hadisədən sonra aktrisa özünə qapanır.  Ərinin vaxtsız ölümündən sarsılan Töhfə Əzimova daha sonra heç bir filmdə çəkilmir. Oğlunu tək böyüdür  və ömrünün sonunadək Bakıdakı 1 nömrəli musiqi məktəbində fortepianodan dərs deyir.

Taleyi  bir faciəyə çevrilən aktrisa Töhfə Əzimova  4 fevral 2003-cü ildə 64 yaşında vəfat edir. O, Yasamal qəbiristanlığında dəfn edilib. 


 

Seçilən
38
adalet.az

1Mənbələr