AZ

Hüseyn Abdullayevin MÜRACİƏTİ TƏMİN OLUNDU

Həbsdə olan keçmiş deputat Hüseyn Abdullayevin cinayət işi üzrə verilmiş kassasiya şikayəti geri götürülüb. Pravda.az "Report"a istinadən xəbər verir ki, Ali Məhkəmədə hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən iclasda məhkumun məhkəməyə təqdim etdiyi ərizə elan olunub.

 

H.Abdullayev müraciətində məhkəmədən vəkili Günay İsmayılovanın Bakı Apellyasiya Məhkəməsinin qərarından verdiyi kassasiya şikayətinin geri götürülməsinin təmin olunmasını xahiş edib. Məhkəmə onun istəyini təmin edib.

 

Xatırladaq ki, Hüseyn Abdullayev 2018-ci ildə qanunsuz sahibkarlıq, dələduzluq və başqa cinayətlərdə təqsirli bilinərək 6 il müddətinə həbs olunmuşdu.

 

O, 2024-cü ildə cəza müddətinin başa çatmasına az qalmış yeni müəyyən edilmiş faktlara əsasən təkrar cinayət məsuliyyətinə cəlb edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 fevral 2025-ci il tarixdə çıxardığı hökmlə H.Abdullayev cinayət yolu ilə qazanılmış pulları leqallaşdırmaqda təqsirli bilinərək, yenidən 9 il müddətinə azadlıqdan məhrum olunub.

 

Hökmdən apellyasiya şikayəti verilsə də, Bakı Apellyasiya Məhkəməsi onun müraciətini təmin etməyib, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.

 

İttihama görə, H.Abdullayev bilərəkdən cinayət yolu ilə əldə etdiyi əmlakın həqiqi mənbəyini gizlətmək məqsədilə özünün və ailə üzvlərinin adlarına ölkədə fəaliyyət göstərən banklarda açılmış yeddi sayda hesab vasitəsilə ümumilikdə 5.5 milyon manatdan artıq pul vəsaitini müxtəlif fiziki və hüquqi şəxslərin Azərbaycan və xarici ölkələrdəki bank hesablarına köçürüb.

 

O, konvertasiya əməliyyatlarını həyata keçirməklə, habelə qanunsuz əqdlər bağlamaqla yaxın qohumunun adına Azərbaycan ərazisində daşınmaz əmlaklar alaraq həmin məbləğdə pul vəsaitini leqallaşdırmaqda təqsirləndirilib.

 

H.Abdullayevə Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham verilib.


Seçilən
11
13
azia.az

10Mənbələr