Jeffrey Epstein adı ilə əlaqələndirilən ada təkcə konkret cinayət hadisələrinin baş verdiyi fiziki məkan kimi deyil, müasir dünyada güc, istismar, susqunluq və kollektiv inkar mexanizmlərinin birləşdiyi simvolik psixoloji fenomen kimi dəyərləndirilməlidir. Bu hadisə fərdi patologiyanın nəticəsi olmaqdan daha çox sosial və institusional mexanizmlərin psixoloji zəmin üzərində necə formalaşdığını göstərən nümunədir. Məsələyə yalnız hüquqi yox, eyni zamanda, psixoloji prizma ilə yanaşmaq zəruridir.
Psixoloji araşdırmalar sübut edir ki, uzunmüddətli və nəzarətsiz güc empatiyanın azalmasına, etik sərhədlərin zəifləməsinə və davranışların özünə haqq qazandırma yolu ilə normallaşdırılmasına səbəb olur. Epstein hadisəsində güc yalnız maddi imkanlarla məhdudlaşmırdı. O, sosial statusu, elit çevrələrə çıxışı və siyasi-hüquqi əlaqələri vasitəsilə toxunulmazlıq illüziyası formalaşdırmışdı. Bu vəziyyət psixologiyada əxlaqi ayrılma kimi tanınır və fərdin öz davranışını ümumi etik çərçivədən kənarda dəyərləndirməsinə yol açır və şəxs özünü qaydalardan üstün görməyə başlayır və zərərli davranışları daxili konflikt yaşamadan davam etdirir.
Hadisənin digər tərəfini isə qurbanların psixoloji vəziyyəti təşkil edir. Epstein adası ilə bağlı danışan şəxslərin ifadələrində travmaya xas reaksiyalar aydın şəkildə görünür. Qurbanlar baş verənləri çox zaman sanki özləri yaşamamış kimi təsvir edir, hadisələrə emosional distansiya ilə yanaşır və ya məsuliyyəti öz üzərlərinə götürməyə meylli olurlar. Bu hal dissosiasiya və özünü günahlandırma kimi mexanizmlərlə izah edilir. Xüsusilə, yeniyetmə yaşda yaşanan istismar insanın bədən sərhədləri, təhlükəsizlik hissi və şəxsi identikliyi üzərində dərin və uzunmüddətli izlər buraxır. Qurbanların illərlə susması isə zəiflik deyil, psixikanın sağ qalmaq üçün seçdiyi adaptiv strategiyadır. İnsan inanılmayacağından, damğalanacağından və güclü strukturlarla üz-üzə qalacağından qorxduğu üçün susmağı seçir.
Bu hadisənin ən narahatedici cəhətlərindən biri kollektiv susqunluqdur. Sosial psixologiya bu vəziyyəti tamaşaçı effekti və normativ uyğunlaşma ilə izah edir. İnsanlar ətraflarında baş verənləri gördükləri halda müdaxilə etmədikdə məsuliyyəti başqasının üzərinə atır və vəziyyəti normallaşdırmağa çalışırlar. Xüsusilə, prosesin içində güclü və nüfuzlu şəxslər olduqda cəmiyyətin tənqidi düşünmə qabiliyyəti zəifləyir. Beləliklə, “Hamı bilirsə, deməli problem yoxdur” kimi koqnitiv təhriflər yaranır və istismar mexanizmləri illərlə fasiləsiz davam edir.
Cəmiyyət bu tip hadisələrlə üzləşəndə psixoloji olaraq iki əsas müdafiə mexanizminə yönəlir. Bir tərəfdən inkar ortaya çıxır və insanlar bu qədər genişmiqyaslı bir hadisənin mümkün olmadığını düşünərək narahatlıqdan qaçmağa çalışırlar. Digər tərəfdən isə sensasiyalaşdırma baş verir və məsələ qalmaqal və şayiə səviyyəsinə endirilir. Hər iki yanaşma qurbanların real ağrısını kölgədə qoyur və hadisənin mahiyyətini anlamağa mane olur. Bu, kollektiv narahatlıqla üzləşməmək üçün seçilən psixoloji qaçış üsuludur.
Epstein adası hadisəsi açıq şəkildə göstərdi ki, istismar yalnız fərdi səviyyədə baş verən hadisə deyil, susan və qoruyan sistemlərin davranışının nəticəsidir. Güc etik nəzarətsiz qaldıqda patoloji davranışlar normallaşır və cəmiyyət tərəfindən gec dərk edilir. Travma danışılmadıqda yox olmur, sadəcə daha dərin qatlara gizlənir və fərdin həyatını səssiz şəkildə formalaşdırmağa davam edir. Qurbanın danışması böyük cəsarət tələb etdiyi kimi cəmiyyətin dinləməsi də etik məsuliyyət tələb edir.
Beləliklə, Epstein adası psixoloji baxımdan bir güzgü rolunu oynayır. Bu güzgüdə yalnız cinayətkar fiquru deyil, eyni zamanda, susan strukturları, gücü qoruyan mexanizmləri və gecikmiş ədaləti görürük. Psixologiya bizə öyrədir ki, sağalma təkcə fərdi terapiya prosesi ilə deyil, kollektiv vicdanın aktivləşməsi və məsuliyyətin bölüşdürülməsi ilə mümkündür.
Psixoterapevt Dilbər Bəhmənli