“Bəzən ətrafımızda savadı az olan insanların özlərinə daha çox güvəndiyini, amma işlərinə peşəkar olanların isə hər zaman şübhə içində olduğunu görürük. Əlbəttə ki, bunun psixoloji səbəbləri var”.
Bu sözləri klinik psixoloq Zəhra Zahidova Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, insan beyni özünü qorumağa meyllidir:
“Bilik və bacarıq az olduqda, beyin boşluqları doldurmaq üçün reallığı sadələşdirir. Bu zaman insan nəyi bilmədiyini görmür və öz performansını olduğundan yüksək qiymətləndirir. Burada əsas problem metakoqnitiv çatışmazlıqdır. Daha dəqiq desək, bu zaman insan öz düşüncəsini, səhvini və bilik səviyyəsini qiymətləndirmək bacarığına malik olmur. Nəticədə, yanlış özünə güvən formalaşır. Savadı az olan insan üçün dünya daha sadə görünür. Çünki komplekslik onun şüurunda mövcud deyil. Qərarlar asan verilir, fikirlər qəti olur, şübhəyə yer qalmır”.
Ekspert qeyd edib ki, bu “cəsarət” əslində psixoloji müdafiə mexanizmidir və insan öz zəifliyini dərk etməmək üçün özünü güclü hiss etməyə məcbur edir:
“Peşəkar və bilikli insanlar isə əks qütbdə dayanırlar. Onlar mövzunun yalnız görünən hissəsini deyil, dərin qatlarını da bildikləri üçün daim qeyri-müəyyənliklə üzləşirlər. Bu insanlarda intellektual təvazökarlıq formalaşır. Onlar səhv ehtimalını, alternativ fikirləri və öz biliklərinin məhdudluğunu qəbul edirlər. Bu isə daxili dialoqu artırır və şübhə yaradır. Əslində, psixoloji baxımdan bu şübhə sağlamdır. Çünki inkişaf məhz sual vermək, tərəddüd etmək və öyrənmək ehtiyacı ilə başlayır”.
Psixoloq diqqətə çatdırıb ki, özündən şübhə edən insan inkişaf edir, özündən şübhə etməyən isə olduğu yerdə donur:
“Cəhalət cəsarət yaradır ifadəsi bu mənada doğrudur, amma bu cəsarət dayanıqlı deyil. Bu, biliksizliyin verdiyi süni rahatlıqdır. Real güvən isə insanın həm bildiyini, həm də bilmədiyini qəbul etməsindən doğur. Yekunda bu az bilən insan özünü tam bilirmiş kimi aparır və çox bilən insan isə hər zaman daha çox öyrənməli olduğunu hiss edir. Psixoloji yetkinlik məhz bu fərqi dərk edə bilməkdir”.
Pərviz