AZ

''Fənər''in sabiq üzvü baş məşqçini günahlandıraraq Türkiyədən ayrıldı

Attila Salainin ikinci Türkiyə macərası qısa və uğursuz alınıb.

Macarıstanlı müdafiəçi 2021-23-cü illərdə ''Fənərbaxça''dakı çıxışı ilə populyarlıq qazanmışdı. Həmin vaxt o, mütəmadi olaraq Macarıstan yığmasına da dəvət alırdı. Amma Türkiyədən ayrıldıqdan bu yana 28 yaşlı futbolçu karyerasında ciddi eniş yaşayır və heç cür daimi oyun praktikası qazanacağı bir klub tapa bilmir.

''Fənər''dən sonra klubları əlcək kimi dəyişən Salai ''Hoffenhaym'', ''Frayburq'' və ''Standard''da ümidləri doğrulda bilmədi. Bu futbolçu bu mövsüm Türkiyəyə qayıdaraq 2025-in yayında icarə əsasında ''Kasımpaşa''ya keçdi. Salai üçün işlər qaydasında gedirdi. Ta ki, Əmrə Belözoğlu baş məşqçi postuna gələnə qədər. Bu futbolçu geniş bir yazılı açıqlama verərək məşqçi ilə anlaşa bilməməsi üzündən İstanbulu tərk etməli olduğunu bildirib.

Macarıstanlı futbolçunun açıqlamasında ''bunlar mənim başıma ''Fənər''də gəlmişdi'' ifadəsi diqqət çəkib. Onun sözündən belə başa düşmək olar ki, Əmrə Belözoğlu ilə İstanbul nəhəngində də yola getmirmiş.

Bu mütəxəssis 2020/21-in son oyunlarında ''Fənər''i çalışdırmışdı. Salai də bu kluba 2021-in yanvarında transfer olunmuşdu. Solaxay futbolçunun artıq yeni klubu bəllidi. O, karyerasını Polşada davam etdirəcək. Salai ''Poqon'' ilə icarə əsasında mövsümün sonuna qədər müqavilə imzalayıb.

Qeyd edək ki, müdafiəçi ''Kasımpaşa''da 15 rəsmi oyuna çıxaraq aktivinə 1 məhsuldar ötürmə yaza bildi.

Seçilən
17
1
football-plus.az

2Mənbələr