Yakutiyada ata və oğul psixi xəstəliyi olan şəxsi zəncirləyərək kölə kimi işlədib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Rusiyanın Yakutiya bölgəsində ata və oğul olan iki fermer tərəfindən törədilmiş dəhşətli cinayətin üstü açılıb.
Məlumata görə, onlar iki kişini uzun müddət əsarətdə saxlayaraq onları məcburi əməyə cəlb ediblər.
Qurbanlar mütəmadi olaraq döyülüb və ölümlə hədələnərək qorxu altında saxlanılıblar.
Xüsusilə psixi xəstəlikdən əziyyət çəkən 54 yaşlı kişinin taleyi ictimaiyyətdə şok yaradıb.
Fermerlər onun qaçmasının qarşısını almaq üçün kişini birbaşa heyvan tövləsindəki axura zəncirləyiblər.
Mütəmadi döyülmələr nəticəsində zərərçəkmişin qabırğalarının sındığı müəyyən edilib.
Dindirilmə zamanı fermer törətdiyi bu vəhşiliyə çox qısa və soyuqqanlı izahat verib: “Çünki o, daim qaçmağa çalışırdı”.
Hazırda faktla bağlı cinayət işi başlanılıb, ata və oğul fermerlər barəsində istintaq tədbirləri davam etdirilir.
Xuraman Etibarlı
İnterpress.az