AZ

Estoniyada rusiyalı heyəti olan gəmi SAXLANILDI: “K-komando”dan XÜSUSİ ƏMƏLİYYAT

Estoniyada rusiyalı heyəti olan gəmi saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Estoniyanın vergi-gömrük orqanları məlumat yayıb.

Estoniya hüquq-mühafizə orqanları polis və Hərbi Dəniz Qüvvələrinin dəstəyi ilə ölkənin daxili sularında Ekvadordan Sankt-Peterburqa gedən “Baltic Spirit” konteyner gəmisini saxlayıblar.

Gəmi yanacaq doldurmaq və ehtiyatları tamamlamaq məqsədilə rəsmi lövbər dayanacağına daxil olub. Lakin gəminin qaçaqmalçılıq fəaliyyətinə cəlb edilməsi ilə bağlı şübhələr yarandığı üçün xüsusi əməliyyat keçirilib.

Əməliyyat zamanı “K-komando” xüsusi təyinatlı bölməsi helikopter vasitəsilə gəmiyə eniş edib. Ümumilikdə 50-dən çox müxtəlif dövlət qurumunun əməkdaşının iştirak etdiyi əməliyyat zamanı gəmi heyəti tərəfindən heç bir müqavimət göstərilməyib.

Məlumata görə, gəminin göyərtəsində 23 Rusiya vətəndaşı var.

Qeyd edək ki, 2025-ci ilin əvvəlindən Rusiya gəmiləri ABŞ və Avropa İttifaqı ölkələri üçün “qırmızı əski” (ciddi nəzarət hədəfi) rolunu oynamağa başlayıb.

Analitiklər hesab edirlər ki, davam edən müharibə fonunda Rusiya gəmilərinin beynəlxalq sularda sərbəst hərəkətinə və ticarət fəaliyyətinə müxtəlif maneələrin yaradılması prosesi davam edəcək.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
16
interpress.az

1Mənbələr