AZ

Paytaxtda mikromobil nəqliyyatına geniş meydan açılıb

Lakin hərəkət düzgün nizamlanmır, faciəli qəzalar artır

Müasir şəhər nəqliyyatı sisteminin əsas prioritetlərindən biri tıxacların azaldılması, ətraf mühitə mənfi təsirlərin minimuma endirilməsi və qısa məsafələr üçün səmərəli alternativlərin yaradılmasıdır. Bu baxımdan mikromobillik – velosipedlər, elektrik skuterləri, mopedlər və digər kiçik fərdi nəqliyyat vasitələri paytaxtın nəqliyyat sistemində getdikcə daha çox yer tutur. Qlobal trendlər də mikromobilliyin hazırda şəhər mobilliyinin dayanıqlı inkişafının əsas sütunlarından birinə çevrildiyini göstərir.

Son illər Bakıda bu istiqamətdə davamlı layihələr həyata keçirilib. Şəhər ərazisində fərdi mobil nəqliyyat vasitələrinin istifadəsini asanlaşdırmaq məqsədilə artıq 30 kilometrdən çox xüsusi zolaqlar salınıb, 48 nöqtədə isə mikromobillik vasitələri üçün dayanacaqlar yaradılıb. Bu infrastruktur isə alternativ nəqliyyat vasitələrinin təşviqinə, avtomobil asılılığının azaldılmasına və ekoloji baxımdan təmiz hərəkət mühitinin formalaşmasına müsbət təsir göstərib.

Paytaxtın mikromobillik sistemində xüsusi yer tutan və qısa məsafələr üçün ən çox seçilən innovativ nəqliyyat vasitələrindən biri elektrik skuterləridir. Skuter parklarının və dayanacaqlarının sayının getdikcə artması bu nəqliyyat növünə marağın yüksəldiyini göstərir. Elektrik skuterlərinin əsas üstünlüklərindən biri onların velosiped zolaqlarından istifadə imkanına malik olmasıdır ki, bu da hərəkətin daha təhlükəsiz və çevik təşkilinə əlverişli şərait yaradır.

Skuterlərə belə yüksək diqqət isə onu deməyə əsas verir ki, Bakıda mikromobilliyə tam keçid üçün güclü zəmin formalaşır. Belə ki, mobilliyin transformasiyası proqramı çərçivəsində mikromobillik infrastrukturu genişlənir, normativ-hüquqi baza təkmilləşir. Velosipedçilərin və elektrik mühərrikli kiçik nəqliyyat vasitələri istifadəçilərinin təhlükəsizliyi artıq “Yol hərəkəti haqqında” Qanuna və İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərlə tənzimlənir.

Hazırda Bakı şəhərinin 31 küçə və prospektində mikromobillik zolaqları mövcuddur. Qarşılıqlı əlaqəliyi təmin olunan həmin zolaqların yaxın perspektivdə 100 kilometrə çatdırılması nəzərdə tutulur. Bununla yanaşı, xüsusi yol nişanlarının quraşdırılması, bufer zonalarda təhlükəsizlik sədlərinin yaradılması diqqət mərkəzində saxlanılır. İşıqforlara mikromobillik istifadəçiləri üçün ayrıca bölmələrin əlavə olunması, velosiped və elektrik nəqliyyat vasitələrinin parklanma yerlərinin təşkil edilməsi ilə bağlı layihələrin icrası uğurla həyata keçirilir. Dənizkənarı Milli Park, “28 May” metro stansiyasının qarşısındakı meydan və digər piyada zonalarında mikromobillik üçün uyğun infrastruktur qurulmasıı bu sahəyə yanaşmanın sistemli xarakter aldığını göstərir.

Görülən tədbirlərin nəticəsi olaraq hazırda Bakıda operatorlar vasitəsilə 5 mindən artıq mikromobillik vasitəsinin icarəyə verilməsi gerçəkləşdirilib, mikromobillik infrastrukturu qurulmağa başlayandan indiyədək isə bu nəqliyyat növlərinə 4 milyon 500 min dəfədən çox sifariş olunub. Mütəxəssislərin fikrincə, mikromobilliyin genişlənməsi ilə şəhər mərkəzində avtomobil sıxlığı da nisbətən azalıb. İstifadə statistikasında da müsbət göstərici qeydə alınıb. Belə ki, beynəlxalq təcrübədə bir velosipeddən gün ərzində orta hesabla 4-5 dəfə istifadə olunduğu halda, Bakıda bu göstərici 12-yə yüksəlib. Bu isə ekspertlər tərəfindən mikromobillik vasitələrinə real tələbatın mövcudluğu kimi dəyərləndirilib.

Məsuliyyətsizlik, yoxsa nəzarətsizlik?

Şəhər mobilliyinin inkişafı fonunda müsbət tendensiyalarla yanaşı, ciddi narahatlıq doğuran məqamlar da nəzərə çarpır. Aparılan araşdırmalar göstərir ki, motosiklet və moped sürücülərinin yol hərəkəti qaydalarına etinasız yanaşması, sürət həddinin aşılması, təhlükəli manevrlər və yol şəraitinin düzgün qiymətləndirilməməsi ağır yol-nəqliyyat hadisələrinin əsas səbəbləri sırasındadır. Fiziki qoruyucu konstruksiyaya malik olmayan bu nəqliyyat vasitələrində hər bir səhv qərar ağır xəsarət və ya ölümlə nəticələnir.

Motosiklet və moped sürücüləri yol hərəkətinin ən həssas iştirakçıları olmaqla bərabər, qaydalara əməl etmədikdə yüksək risk yaradan kateqoriyaya da daxildir. Statistik təhlillər göstərir ki, məsuliyyətsiz davranış təkcə bu sürücülər üçün deyil, digər yol hərəkəti iştirakçıları üçün də ciddi təhlükə mənbəyinə çevrilir. Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, ötən il motosiklet və moped sürücülərinin təqsiri ucbatından ölüm və xəsarətlə nəticələnən 43 yol-nəqliyyat hadisəsinin baş verməsi, 12 nəfərin həyatını itirməsi, 36 nəfərin xəsarət alması bunun bariz ifadəsidir.

Yol hərəkəti üzrə ekspert Firuz Qəhrəmanlının sözlərinə görə, moped və digər kiçik nəqliyyat vasitələri artıq bütün dünyada meqapolislərin ciddi probleminə çevrilib. Beynəlxalq təcrübənin öyrənilməsi və bu nəqliyyat vasitələrinin fəaliyyətinin qanunvericiliklə daha dəqiq tənzimlənməsi həm təhlükəsizliyin artırılması, həm də şəhər mobilliyinin balanslı inkişafı baxımından vacibdir.

F.Qəhrəmanlı, eyni zamanda, mövcud qanunvericilikdə ciddi boşluqların olduğunu da bildirir. Onun fikrincə, moped sürücülərindən sürücülük vəsiqəsi tələb edilməməsi sui-istifadə hallarına yol açır, sürət potensialı yüksək olan bəzi mopedlər isə nə radar, nə də kameralar tərəfindən qeydə alınır. Ekspert hesab edir ki, bu sahədə həm təbliğat gücləndirilməli, həm də normativ baza təkmilləşdirilməlidir.

Yol hərəkəti üzrə ekspert Süleyman Abbasov isə söhbət zamanı motosiklet və mopedlərin sayının artması fonunda yanğın risklərinə diqqət çəkdi. O, eyni zamanda, texniki istismar qaydalarının pozulmasının, elektrik sisteminə qeyri-peşəkar müdaxilələrin və keyfiyyətsiz ehtiyat hissələrinin yanğın hadisələrinə səbəb olduğunu bildirdi. Ekspert daha sonra sürücüləri texniki baxışlara vaxtında müraciət etməyə və təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırdı.

Beləliklə, mikromobillik Bakının nəqliyyat sistemində mühüm alternativ kimi formalaşsa da, onun davamlı və təhlükəsiz inkişafı üçün infrastrukturla yanaşı, qanunvericilik, nəzarət və maarifləndirmə tədbirlərinin paralel şəkildə gücləndirilməsi zəruridir. Yalnız bu halda mikromobillik şəhər üçün real üstünlüklər yaradan dayanıqlı nəqliyyat həllinə çevrilə bilər.

Hüquqi tənzimləmə boşluğu

Hazırkı mərhələdə mikromobillik sahəsində ən ciddi problemlərdən biri normativ-hüquqi bazanın reallıqlara tam uyğunlaşdırılmamasıdır. Xüsusilə moped və elektrik skuterlərinin statusu qanunvericilikdə dəqiq təsnif olunmur. Mövcud vəziyyət isə aşağıdakı riskləri yaradır:

– moped sürücülərindən sürücülük vəsiqəsi tələb olunmur;

– texniki baxış mexanizmləri yoxdur;

– sürət məhdudiyyətlərinə nəzarət edilmir;

– yol hərəkəti qaydalarının pozulmasına görə sanksiyalar zəifdir.

Bu boşluqlar nəticəsində mikromobillik vasitələri bir tərəfdən “nəqliyyat”, digər tərəfdən isə “oyuncaq” kimi qəbul olunur ki, bu da təhlükəsizliyə birbaşa zərbə vurur.

Ekspertlərin fikrincə, mikromobilliyin təhlükəsiz və dayanıqlı inkişafı üçün qanunvericilik dəyişiklikləri həyata keçirilməli, bunun üçün, ilk növbədə, hüquqi təsnifat dəqiqləşdirilməlidir. “Yol hərəkəti haqqında” Qanunda elektrik skuteri, moped və yüngül elektrik nəqliyyat vasitəsi ayrı-ayrılıqda hüquqi anlayış kimi təsbit olunmalıdır. Bundan başqa, minimal sürücülük icazəsi mexanizmi yaradılmalıdır. Başqa sözlə, moped və yüksək sürət potensialı olan elektrik nəqliyyat vasitələri üçün sadələşdirilmiş sürücülük vəsiqəsi və ya onlayn test və praktiki təlim əsaslı icazə sistemi tətbiq edilməlidir.

Yuxarıda sadalananlarla yanaşı, texniki təhlükəsizlik tələblərinin gücləndirilməsi məqsədilə sürət məhdudlaşdırıcıların quraşdırılması, işıqlandırma və əyləc sistemlərinə standart tələblər qoyulması, kuryer fəaliyyətində istifadə edilən mopedlərə illik texniki baxışın keçirilməsi prioritet istiqamətlər kimi diqqətdə saxlanılmalıdır. Eyni zamanda, inzibati məsuliyyətin sərtləşdirilməsi, yəni dəbilqəsiz hərəkət, sürət həddinin aşılması, eləcə də piyada zonalarında qayda pozuntularının qarşısının alınması üçün sanksiyalar artırılmalı, təkrar pozuntular zamanı nəqliyyat vasitəsinin müvəqqəti müsadirəsi mexanizmi tətbiq olunmalıdır.

Bəs xarici ölkələrdə...

Mütəxəssislər mikromobilliyin təhlükəsiz və dayanıqlı inkişafı üçün Avropa İttifaqı (Aİ) təcrübəsindən yararlanmağı da zəruri sayırlar. Məsələn, Aİ dövlətlərinin əksəriyyətində mikromobillik sərbəstliyi ilə yanaşı, sistemin ciddi qaydalarla tənzimlənməsinə daha çox üstünlük verilir. Konkret ölkələrə gəldikdə isə qeyd edək ki, Almaniyada elektrik skuterləri üçün maksimum sürət 20 kilometr/saat, eləcə də sığorta və xüsusi qeydiyyat nişanı tələb olunur.

Fransada piyada zonalarında skuterlərin hərəkəti qadağandır, cərimələr isə yüksəkdir. İspaniyada bələdiyyələr mikromobillik üçün ayrıca yol xəritələri hazırlayır və operatorları sərt lisenziyalaşdırır. Bu modelin əsas üstünlüyü ondan ibarətdir ki, mikromobillik təşviq olunur, amma, necə deyərlər, “başlı-başına buraxılmır”. Türkiyə modelində isə cərimə ilə bərabər, davamlı təbliğata xüsusi önəm verilir.

Bütün deyilənlərdən belə bir qənaətə gəlinir ki, Bakı üçün mikromobillik nəqliyyatın gələcəyidir. Lakin bu gələcəyin yalnız düzgün hüquqi çərçivə, güclü təhlükəsizlik mexanizmləri və səmərəli təbliğatla real üstünlüyə çevrilməsi mümkündür. Əks halda, ekoloji və rahat alternativ məqsədilə yaranan mikromobillik yeni risk mənbəyinə çevrilə bilər.

Elməddin MURADLI,
nəqliyyat məsələləri üzrə ekspert

Son vaxtlar açıqlanan rəsmi statistik göstəricilər moped və motosiklet sürücülərinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin sayında artım olduğunu göstərir. Bu, xüsusilə paytaxt və iri şəhərlərdə getdikcə çoxalan bu tip nəqliyyat vasitələri sürücülərinin təhlükəsizlik qaydalarına əməl etməməsindən xəbər verir. Təbii ki, belə hal ciddi narahatlıq doğurur. Düzdür, çox vaxt ağır yol-nəqliyyat hadisələri ilə müşahidə edilən belə halların azaldılması istiqamətində müəyyən layihələr həyata keçirilir. Mövcud sahədə nəzərə çarpan qanunvericilik boşluqları mərhələli şəkildə aradan qaldırılır və yeni qaydalara əsasən, mopedlər də dövlət qeydiyyatına alınır, onlara dövlət nömrə nişanı verilir.

Moped idarə etmək üçün yaş həddi müəyyənləşdirilib, sürücülük hüququnun əldə olunması və digər prosedurlar tənzimlənir. Amma əvvəllər bu sahədə müəyyən boşluqlar mövcud idi və bu da xaotik vəziyyət yaradaraq ağır yol-nəqliyyat hadisələrinə səbəb olurdu. Xatırladım ki, moped və motosikletlərə kütləvi keçid əsasən məlum pandemiya dövründə başlayıb və bir çox insanlar bu nəqliyyat vasitələrinə ciddi yanaşmayaraq onları oyuncağa bənzədiblər. Əslində isə bu nəqliyyat vasitələri qanunla hüquq və vəzifələri müəyyən edilən real nəqliyyat növüdür və daha çox gənclər, eləcə də onların valideynləri bunu dərk etməlidirlər. Moped və motosiklet istifadə edən hər bir şəxsin yol hərəkəti qaydaları barədə müəyyən biliklərə malik olması zəruridir. Svetoforlar, yol ayrıcıları, piyadalar və səkilərlə bağlı anlayışın olmaması da ciddi risklər yaradır.

Bəzi sürücülər moped və motosikletləri velosipedin bir forması kimi qəbul edirlər, halbuki bu nəqliyyat vasitələri daha güclü, daha sürətli və daha təhlükəlidir. Sürücülər mütləq qoruyucu vasitələrdən istifadə etməlidirlər. Dəbilqə qanunla məcburi olsa da, dizlik, dirsəklik və digər qoruyucu vasitələrdən istifadə də vacibdir. Sərnişin daşınan zaman onun da dəbilqə ilə təmin edilməsi zəruridir.

Mopedlər üçün icazə verilən maksimal sürət saatda 50 kilometrdir. Lakin bəzi hallarda moped adı altında motosiklet istifadə olunur və bu nəqliyyat vasitələri yüksək sürətlə idarə edilir. Sürətə meyillilik isə qəza riskini dəfələrlə artırır. Xüsusilə yol ayrıcılarında və kəsişmələrdə kiçik bir diqqətsizlik belə faciə ilə nəticələnir.

Beləliklə, motosiklet və moped sürücüləri yol hərəkətinin ən həssas iştirakçıları sayılır. Onların yol hərəkətində digər iştirakçılarla eyni məsuliyyəti bölüşməsi ümumi təhlükəsizliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Statistik təhlillər göstərir ki, məsuliyyətsiz davranış təkcə motosiklet və moped sürücüləri üçün deyil, digər yol hərəkəti iştirakçıları üçün də ciddi təhlükə mənbəyinə çevrilir.

Paytaxtda mikromobilliyin sürətlə inkişafı paytaxtın nəqliyyat modelində keyfiyyətcə yeni mərhələnin başlandığını göstərir. Velosipedlər, elektrik skuterləri, mopedlər və motosikletlər qısa məsafələr üçün əlverişli alternativ yaratmaqla yanaşı, şəhər mobilliyinin ekoloji və iqtisadi baxımdan daha səmərəli təşkilinə imkan verir. Lakin bu proses təkcə infrastrukturla deyil, hüquqi tənzimləmə və təhlükəsizlik mexanizmləri ilə müşayiət olunmadıqda ciddi risklər yaradır.

Vaqif BAYRAMOV
XQ

Seçilən
16
1
xalqqazeti.az

2Mənbələr