Bakı, 4 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclasında Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı hazırlığın vəziyyəti müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, dövlət başçısının “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” 2025-ci il 22 oktyabr Sərəncamından irəli gələrək Akademiyada artıq geniş işlərə başlanıldığını deyən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli tədbirlər planı çərçivəsində bir sıra monoqrafiyaların nəşrinin nəzərdə tutulduğunu və artıq onlardan 3 kitabın çapda olduğunu bildirib. AMEA rəhbəri Qurultayın 100 illik yubileyinin yüksək səviyyədə keçirilməsi məqsədilə zəruri addımların atıldığını, Türk dünyasından, Avropa ölkələrindən çox sayda tədqiqatçının yubiley tədbirində iştiraka maraq göstərdiklərini söyləyib. Akademik İsa Həbibbəyli bu çərçivədə Türkiyənin Yunus Əmrə İnstitutu və digər qurumlarla sıx əməkdaşlıq edildiyini diqqətə çatdırıb.
Rəyasət Heyətinin qərarı ilə Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə hazırlıqla bağlı akademik İsa Həbibbəylinin sədrliyi ilə AMEA-da komissiya yaradılıb.