AZ

Elmi-texniki tərəqqidə inqilab yaratmış azərbaycanlı

Dünya elmində Lütfi Zadə kimi tanınmış Lütfəli Rəhim oğlu Ələsgərzadə 1921-ci il fevralın 4-də Bakı qəzasının Novxanı kəndində anadan olub. ABŞ-ın dünyaca məşhur azərbaycanlı alimi, süni intellekt sahəsində öncül elm ocağı olan Kaliforniyanın Berkli Universitetinin ömürlük professoru seçilmiş bu dahi çağdaş texniki tərəqqidə inqilab yaratması ilə bəşəri zəka zirvəsinə yüksəlib.

Doğma vətəni Azərbaycana dünya şöhrəti qazandırmış tanınmış soydaşımız bir çox xarici ölkə akademiyalarının üzvü, Yaponiyanın elm adamlarına verdiyi ən yüksək mükafatın – “Honda”nın laureatı, eləcə də Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədri olub.

Gələcəyin böyük alimi 3-cü sinfə qədər Bakıdakı 16 saylı məktəbdə rus bölməsində oxuyub. Atası müəllim, yazıçı, müxbir Rəhim Ələsgərzadə Birinci Dünya müharibəsindən sonra bir müddət kibrit ticarəti ilə məşğul olub. Balaca Lütfəli isə sanki, ailənin bu kibrit qazancının qığılcımından aldığı alovla sonralar şöləsi dünyaya yayılan bir zəka ulduzuna çevrilib. Riyazi bilgiləri, saysız dəqiq informasiyaları fenomenal yaddaşında cəmləşdirib, yen-yeni kəşflər edə bilib.

Bəzi mənbələrə görə, 1931-ci ildə “yuxarı”dan belə bir göstəriş verilib ki, xarici ölkə əsilli, mühacir ailələr ya ölkədən çıxmalı, ya da sovet vətəndaşlığı almalıdır. Xəbəri eşidən Lütfi Zadənin atası, əslən ərdəbilli olan Rəhim kişi ailəsini götürüb İrana gedib. Lütfi Zadə təhsilini amerikalıların Tehrandakı Albors missioner məktəbində davam etdirib. Sonra Tehran Universitetində ali təhsil alıb.

Tale yolları onu 1944-cü ildə Amerikaya aparıb. İlk vaxtlar fotoqrafiya sənətinə meyillənib. Bir çox məşhurların, o cümlədən, ABŞ-ın sabiq prezidentləri Trumenin və Niksonun da portretlərini çəkib. 3 il sonra ailəsini də öz yanına gətirib. Valideynlərinin xeyir-duası ilə yəhudi əsilli Fenka ilə ailə qurub və bu izdivaç ömürlərinin sonuna qədər – 73 il davam edib. Ailənin Stella və Norman (bəlkə də Nəriman adını xatırlatdığı üçün bu ad seçilib) adlı 2 övladı dünyaya gəlib. Lütfi Zadə həyat yoldaşının vəfatından sonra cəmi 1 il yaşayıb.

Gənclik çağlarından güclü yaddaşı sayəsində elmə həmişəlik könül verən Lütfi Zadə Massaçusets Texnologiya İnstitutunda biliklərini daha da təkmilləşdirib. 24 yaşında Amerikanın ən gənc alimi olub. Möhtəşəm nəzəriyyələrə imza atıb.

...İlk dəfə onun adını ötən əsrin 70-ci illərinin sonunda Azərbaycan Neft-Kimya İnstitutu (indiki ADNSU) Sumqayıt filialının direktoru olmuş texnika elmləri doktoru, professor Rafiq Əliyevdən şəhər qəzeti üçün aldığım geniş müsahibədə eşitmişdim. Rafiq müəllim uzaq Amerikada yeni nəzəriyyə yaradan böyük azərbaycanlıdan iftixarla danışmışdı. Sonralar Lütfi Zadə barəsində müəyyən bilgilər əldə etdik, öyrəndik ki, o, 10 il Azərbaycanda yaşayıb, yəni elmin əngin səmasına Bakıdan pərvazlanıb. Daim şöhrət zirvəsində olsa da, doğulduğu, uşaqlığının keçdiyi bu şəhəri heç zaman unutmayıb.

Onun qeyri-səlis məntiqi obrazlı şəkildə belə izah edilir: “Aristotel məntiqi” ilə mühakimə yürüdən beyin dünyanı yalnız ağ və ya qara rəngdə qavrayır, “Zadə məntiqi” isə dünyanı bütün çalarları ilə qavramağa imkan verir. Çünki “Aristotel məntiqi” ikili (binar), “Zadə məntiqi” çoxmənalı (kəsilməz qiymətli) məntiqdir. Aristotelə görə, bir müddəa ya doğru, ya da yalan ola bilər. Lütfi Zadəyə görə, hər bir müddəanın doğruluq dərəcəsi doğru və ya yalan arasında (və ya sıfırla bir arasında) kəsilməz qiymətlər alır. “Zadə məntiqi”ndə real həyatı daha dürüst əks etdirmək qabiliyyəti var və tolerantlıq daha çoxdur.

İllər sonra mərhum jurnalist Möhbəddin Səmədlə uzaq Kaliforniyanın Berkli şəhərinə gedərək alim haqqında “Uzaq və yaxın Lütvü Zadə” adlı sənədli film çəkən keçmiş iş yoldaşım – telerejissor, Əməkdar incəsənət xadimi, həm də Lütvü Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü Oqtay Babazadənin bu bəşəri insanın sadəliyi, səmimiliyi və qəlbən Azərbaycana bağlılığından ağızdolusu danışdıqlarını da xatırlayıram. Daha sonra Zadə Vətənə də gəldi, çox böyük təntənə ilə qarşılandı, ölkə başçısı onu ordenlə təltif etdi və alim Azərbaycana daha sıx bağlandı.

Onun yüksəliş yolu heç də asan olmayıb. Düz 20 il qeyri-səlis məntiq nəzəriyyəsi Amerika elmi ictimaiyyəti tərəfindən qəbul edilməyib. Hətta “New York Times” qəzetindəki bir məqalədə onun nəzəriyyəsinin yanlışlıqları haqda fikirlər yer alıb. Nəhayət, 1980-ci illərdə yapon alimləri tərəfindən böyük maraqla qarşılanıb.

Beləliklə, bu nəzəriyyə riyaziyyatın, kibernetikanın, informatika və hesablama texnologiyasının inkişafı tarixində yeni bir dövr açıb. Alimin qeyri-səlis məntiqi tədricən bütün dünyada elmə, texnika və texnologiyaya geniş nüfuz edib. Paltaryuyan maşınlardan tutmuş, avtomat sürücüyə kimi yüzlərlə, minlərlə sistemdə, qurğuda öz tətbiqini tapıb...

Xatırlayırıq ki, 2017-ci ildə 96 yaşında vəfat etmiş Lütfi Zadə ilə vida mərasiminə Prezident İlham Əliyev, dövlət və hökumət rəsmiləri, elm və mədəniyyət xadimləri geniş ictimaiyyət nümayəndələri gəlmişdi. Qədirbilən xalqımız onu haqq dünyasına sonsuz-sevgi-sayğı, hədsiz öyünclə yola saldı. Orada mərhumun yaxın qohumu (xalası qızı), tanınmış rejissor, Xalq artisti Cənnət Səlimova nümayəndə qismində çıxış etdi. Dünya şöhrətli alim I Fəxri Xiyabanda torpağa tapşırıldı.

Araşdırmaçı jurnalist Tahir Aydınoğlu bu möhtəşəm törəni tarixi hadisə adlandıraraq qeyd etmişdi ki, dünyaşöhrətli Lütfi Zadənin qürbətdə deyil, dünyaya göz açdığı Azərbaycanda dəfn edilmək vəsiyyəti onun əbədi ünvana məhz azərbaycanlı kimi köçməsi oldu. Çağdaş sənaye inqilabının yolunu nurlandıran qeyri-səlis məntiqin atasının müqəddəs məzarı isə artıq onun milli kimliyinin qəti təsdiqi, bu gerçəyin Azərbaycan torpağına vurulan möhürüdür. Həmkarımızın bu anlatması Lütfi Zadənin elmi varisi, onun Vətənlə əlaqəsinin canlı bağlantısını yaratmış, dahi azərbaycanlının elmi varisinə çevrilmiş AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyevin qəlbində təsəlli və məmnunluq yaratmışdı.

Lütfi Zadəyə böyük şöhrət qazandırmış qeyri-səlis məntiq nəzəriyyəsindən əlavə, onun başqa nəzəriyyələri də var. Sadəcə çoxluq arasında o qədər də məşhur deyil. Hətta geniş yayılan süni intellektin banisi olduğunu da bir çoxumuz son vaxtlar bilmişik. Fəxr ediləsi faktdır ki, Yaponiyanın “Mitsubishi”, “Toshiba”, “Sony”, “Canon”, “Sanyo”, “Nissan”, “Honda” və digər nüfuzlu şirkətləri öz fəaliyyətlərində qeyri-səlis məntiq nəzəriyyəsinə əsaslanır. 10 il əvvəl Lütfi Zadənin kəşfləri əsasında yapon alimləri ilk dəfə olaraq süni-intellektə malik robot hazırlayıblar. Alter adlı həmin qeyri-adi robot Tokiodakı Beynəlxalq Elm Muzeyində sərgilənib. Onun kəşfləri Amerikanın “General Motors”, “General Electric”, “Motorola”, “Dupont”, “Kodak” şirkətləri tərəfindən istehsalatda geniş tətbiq olunur. Super dövlətin dünyaca tanınmış Milli Kosmik Tədqiqatlar Mərkəzi - NASA da Lütfi Zadənin nəzəriyyələrindən geniş istifadə edir.

Azərbaycan və dünya elminin inkişafındakı xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilmiş böyük alim öz mirasını layiqli davamçısı, tanınmış alim Rafiq Əliyevə bağışlayıb. O isə bu maddi sərvəti “Zadə irsi və süni intellekt” Assosiasiyasına hədiyyə edib. ADA Universitetində Lütfi Zadə adına təqaüd təsis edilib. Xətai rayonunda adına küçə var.

Ötən ay Bakıda Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və məktəblilərarası fənn müsabiqələri keçirilib. Məqsəd məntiqi təfəkkürün inkişaf etdirilməsi, yaradıcı və fərqli düşünmə qabiliyyəti ilə seçilən şagirdlərin müəyyənləşdirilməsi və onlarla məqsədyönlü işlərin aparılmasından ibarət olub. Qaliblər Azərbaycan Respublikası Təhsil İnstitutunun (ARTİ) nəzdində fəaliyyət göstərən Beynəlxalq Olimpiadalar Mərkəzində hazırlıq prosesinə cəlb ediliblər. Onların arasından gələcəyin Zadələrinin yetişəcəyinə inam böyükdür.

Əli NƏCƏFXANLI
XQ

Seçilən
34
xalqqazeti.az

1Mənbələr