AZ

Bakı məclisinin başıbəlalı katibi

Əli Yusifzadə 8 dil bilməsi ilə qurultayın baş dilmancı olmuşdu

Azərbaycan XX əsrin 20 – 30-cu illərində siyasi təqiblər meydanı, xalqımız taleləri yarımçıq qırılmış böyük zəka sahiblərinə divan tutulmasının şahidi olmuşdu. O dövrün ziyalıları arsında elə adlar var ki, onların bəlalı bioqrafiyası bütöv bir xalqın yaddaş dramının qanlı səhifələridir. Əli Cəlal oğlu Yusifzadə də məhz belə simalardan biridir. O, Parisdə ali təhsil almış, 8 dil bilirdi və buna görə çoxsaylı xalqları təmsil edən irimiqyaslı Bakı məxlisinin – I Türkoloji Qurultayın katibi seçilmişdi.

Azərbaycan maarif və fikir tarixində iz qoymuş bu insan, sadəcə, toplantı katibi deyildi – o, bu qurultayda müxtəlif dillər arasında körpü salan, ideyalar arasında sərhədləri aşan bir ziyalı idi. Əli Yusifzadə, Avropa düşüncə tərzini Azərbaycan maarifçiliyi ilə birləşdirən nadir simalardan olmuşdur.

Onun həyatı bir tərəfdən elmə, dilə, mədəniyyətə sədaqətin, digər tərəfdən isə totalitar rejimin ziyalıya qarşı amansız münasibətinin aydın göstəricisidir. O, qələmi ilə millətin düşüncə sərhədlərini genişləndirənlərdən idi, lakin məhz bu sərhədləri genişləndirmək cəhdi onun üçün ölüm hökmünə çevrildi.

1900-cü ilin yanvarın 1-də Şuşa şəhərində doğulan Əli Yusifzadə qədim və nüfuzlu ziyalı nəslinə mənsub olub. Onun atası Mirzə Cəlal Yusifzadə İbrahim xanın sarayında işləmiş Mirzə Yusifin nəslindən idi. Yusifzadələr ailəsi Şuşanın mədəni mühitində yetişmiş, maarifçilik ideyalarının daşıyıcıları olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra ailə Bakıya köçərək paytaxtın ictimai-mədəni həyatında fəal iştirak etmişdir.

Gənc yaşlarından ədəbi və publisistik yaradıcılığa maraq göstərən Əli Yusif “Yaşıl qələm” və “Ədəbiyyat cəmiyyəti” kimi maarifçi birliklərin üzvü olub. O, “Azərbaycan”, “İstiqlal”, “Bəsirət”, “Qurtuluş yolu” kimi dövrün qabaqcıl mətbuat orqanlarında müstəqillik və azadlıq ideyalarını tərənnüm edən məqalə və şeirlər dərc etdirmişdir. 1918-ci il dekabrın 7-də Azərbaycan Parlamentinin açılışı münasibətilə “Azərbaycan” qəzetinin xüsusi buraxılışında onun “Prometey” adlı məqaləsi çap olunmuşdu.

Bu yazıda qədim yunan mifinin qəhrəmanı Prometeyin obrazı yeni istiqlal qazanmış Azərbaycanın azadlıq ruhu ilə eyniləşdirilmişdi. Müəllif istiqlal ideyasını bütün kiçik xalqlar üçün azadlıq arzusunun rəmzi kimi dəyərləndirir, Azərbaycanın milli dirçəlişinin əbədi olacağına inam ifadə edirdi.

Əli Yusifzadə Azərbaycanın görkəmli dövlət və ictimai xadimləri – Məmməd Əmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli, Əhməd Cavad, Cəfər Cabbarlı və digərləri ilə dostluq və əməkdaşlıq münasibətlərində olmuşdur. Onun adının Azərbaycan Parlamentinin 1919-cu il qərarı ilə Avropaya təhsil almağa göndərilən tələbələr siyahısına daxil edilməsi də təsadüfi deyildi.

Fevralın 11-də Parisə çatan tələbələri Sülh Konfransında iştirak edən Əlimərdan bəy Topçubaşov qarşılayır, tələbələr qarşısında çıxış edərək onlara uğurlar arzulayıb. Əli Yusifzadə Parisdəki Ali Siyasi Elmlər Akademiyasının Diplomatiya fakültəsində təhsil almış, Qərb siyasi elminin əsaslarını mənimsəmişdir.

1926-cı ilin fevral-mart aylarında Bakıda keçirilən I Türkoloji Qurultayda Əli Yusifzadə katib, atası Mirzə Cəlal isə tərcüməçi kimi iştirak etmişdir. Qurultayda türk xalqlarının dil, əlifba və mədəni birlik məsələləri müzakirə edilmiş, lakin sovet ideologiyasına zidd hesab edilən bu debatlar sonradan bir çox iştirakçılar üçün faciəli nəticələr doğurmuşdur.

Qurultayın başa çatmasından 3 gün sonra, 8 mart 1926-cı ildə Azərbaycan Fövqəladə Komissiyasının (KQB) əməkdaşı Vasinin əmri ilə Əhməd Hacınski, Dadaş Həsənov və Əli Yusifzadə evlərində axtarış aparılaraq həbs edilmişlər. Əli Yusifzadənin evindən bir sıra sənədlər müsadirə olunmuş, o, “xarici əlaqələrdə şübhəli fəaliyyət” və “millətçi təbliğat” kimi uydurma ittihamlarla istintaqa cəlb edilmişdir.

1927-ci il fevralın 28-də tamamlanan istintaq nəticəsində Əli Yusifzadə və digər bir neçə ziyalıya əvvəlcə güllələnmə hökmü oxunmuş, daha sonra bu cəza 10 il azadlıqdan məhrumetmə ilə əvəz olunmuşdur. Mart ayında o, digər azərbaycanlı məhbuslarla birlikdə Solovki arxipelağına – Ağ dənizin Oneqa körfəzində yerləşən ağır əmək düşərgəsinə göndərilmişdir.

Burada o, ziyalı və zabit məhbuslarla birgə Baltik-Amur kanalının çəkilişində işlədilmiş, dözülməz şərait, soyuq və aclıq içində yaşamağa məcbur olmuşdur. Lakin o, məhz bu ağır şəraitdə də mənəvi mübarizəsini davam etdirmişdir. Əli Yusifzadə Sovetlər Birliyində ilk dəfə siyasi məhbuslar tərəfindən təşkil edilən kütləvi aclıq aksiyasının təşəbbüskarlarından biri olmuşdur.

1927-ci ildə keçirilən bu aclıq 56 gün davam etmiş, nəticədə aclığın 53-cü günü hərbiçi, gəncəli İbrahim Axundzadə, Qori Müəllimlər Seminariyasının məzunu, şəkili Əlövsər (Əfsər) Nəcəfov aclıq zamanı, hərbiçi Xasay Kərimzadə, həkim Cahangir Ağayev aclığın doğurduğu xəstəlikdən dünyasını dəyişiblər.

O zaman sovet həbsxanalarındakı ilk siyasi aclıq aksiyasının xəbəri Bakıya da gəlib çatıb. Maksim Qorkinin və həyat yoldaşının Solovkiyə səfəri zamanı məhbuslar gizli şəkildə onlara məktub ötürməyə nail olmuş, bu məktub Stalinə çatdırılmış və bundan sonra düşərgədəki rejim qismən yumşaldılmışdır.

1935-ci ilin yanvarında azadlığa buraxılan Əli Yusifzadəyə Azərbaycana qayıtmağa icazə verilməmiş, o, Özbəkistana sürgün edilmişdir. Lakin sovet repressiyasının ikinci dalğası zamanı – 1937-ci ildə Daşkənddə yenidən həbs edilmiş və 18 avqust 1937-ci ildə güllələnmişdir. Onun məzarı naməlum qalmış, cəsədi gizlədilmişdir. Əli Yusifzadə yalnız 1992-ci ilin mayında – ölümündən 54 il sonra bəraət almışdır.

Namiq QƏDİMOĞLU
XQ

Seçilən
12
1
xalqqazeti.az

2Mənbələr