AZ

Petro–Tramp görüşü: Hər iki lider açıqlama verib

Kolumbiya Prezidenti Qustavo Petro ABŞ Prezidenti Donald Trampla görüşüb. Görüşdən sonra yayımlanan açıqlamalarda hər iki lider danışıqların müsbət keçdiyini bildirib.

Editor.az xəbər verir ki, Kolumbiya Prezidenti Qustavo Petro və ABŞ Prezidenti Donald Tramp Ağ Evdə təxminən iki saat davam edən qapalı görüş keçiriblər. Görüşün ardından hər iki lider mətbuata açıqlama verib.

Donald Tramp Qustavo Petro ilə keçirdiyi görüşün müsbət keçdiyini qeyd edərək, narkotiklərlə mübarizə sahəsində razılıq əldə olunduğunu bildirib. Petro ilə münasibətlərinə də toxunan Tramp, əvvəllər aralarında yaxın dostluq olmadığını vurğulayıb: “Bir-birimizi yaxşı tanımırdıq, lakin görüşümüz çox konstruktiv oldu”. Tramp tərəflərin narkotiklərlə mübarizə başda olmaqla, sanksiyalar da daxil olmaqla bir sıra məsələlər üzərində işlədiklərini bildirərək, “Çox yaxşı bir görüş keçirdik”, – ifadəsini işlədib.

Kolumbiya Prezidenti Qustavo Petro isə yerli Caracol radio stansiyasına verdiyi müsahibədə Ağ Evdə Tramp ilə apardıqları danışıqlar zamanı Venesuela qazının Kolumbiya üzərindən ixracı ehtimalını, narkotik qaçaqmalçılığı ilə mübarizəni, həmçinin Kolumbiyanın Ekvadorla ticarət və narkotik məsələləri üzrə mövcud fikir ayrılıqlarını müzakirə etdiklərini bildirib.

Petro Trampın ondan Venesuela Prezidenti Nikolas Maduronun saxlanılması ilə bağlı mövqeyini soruşduğunu, özünün isə bu məsələdə bu günə və gələcəyə fokuslanmağın vacibliyini vurğuladığını qeyd edib.

OFAC siyahısı məsələsinin görüş zamanı müzakirə olunmadığını bildirən Petro, əsas prioritetin Venesuela və Kolumbiyaya qarşı tətbiq edilən sanksiyaların ləğvi olduğunu deyib. O əlavə edib ki, Tramp da sanksiyalara qarşı olduğunu ifadə edib.

Bundan əlavə, Petro Trampdan Ekvador Prezidenti Daniel Noboa ilə barışıq və narkotik qaçaqmalçılığına qarşı üçtərəfli əməkdaşlıq məsələsində dəstək istədiyini açıqlayıb. Petro ölkələr arasında gərginliyin əsasən yanlış məlumatlar və şayiələr fonunda yarandığını bildirib.

//Gülnarə Abasova, Editor.az

Seçilən
15
editor.az

1Mənbələr