AZ

NYT: Si Szinpin qorxu və paranoyyaya görə baş generalı zərərsizləşdirib

ABŞ kəşfiyyatının analitikləri Çinin ali rəhbərliyində aparılan genişmiqyaslı təmizləmələri Çin lideri Si Szinpinin dərin etimadsızlığı və qorxuları ilə əlaqələndirirlər. Onun ən yaxın silahdaşlarından biri – general Can Yusyanın uzaqlaşdırılması Çin elitasında şok yaradıb və Vaşinqtonda diqqətlə təhlil olunur...

Poliqon The New York Times-a istinadən xəbər verir ki, Çin Müdafiə Nazirliyi yanvarın 24-də general Can Yusya və general Lyu Jenlinin "ciddi pozuntulara" görə istintaq altında olduqlarını bəyan edib. Can, Si Szinpinin sadiq müttəfiqi sayılırdı və orduda böyük nüfuza malik idi ki, bu da onun uzaqlaşdırılmasını xüsusilə diqqətçəkən edir.

Si Szinpin 2012-ci ildə hakimiyyətə gəldikdən bəri Çin Kommunist Partiyası və ordu sıralarında sistemli şəkildə "təmizlik" apararaq yüksək vəzifəli şəxsləri, güc strukturlarının rəhbərlərini və "qırmızı aristokratiya" adlandırılan çevrənin nümayəndələrini kənarlaşdırıb. Lakin indiki təmizləmə dalğası misilsizdir: 2023-cü ilin əvvəlində döyüş teatrlarına rəhbərlik edən demək olar ki, bütün generallar və admiral ya vəzifədən azad olunub, ya da ictimai məkandan yoxa çıxıb.

ABŞ-ın indiki və keçmiş rəsmilərinin sözlərinə görə, Amerika kəşfiyyatının analitikləri Si Szinpinin "son dərəcə yüksək paranoya səviyyəsinə" malik olduğu qənaətinə gəliblər. Bununla belə, uzaqlaşdırılan generalların siyasi çağırış hazırladıqlarına dair konkret sübut tapılmayıb.

Alman politoloqu Marsel Dirsusun sözlərinə görə, avtoritar sistemlərdə populyar və effektiv generallar avtomatik olaraq lider üçün təhlükəyə çevrilir. Ekspert deyir: "Avtokrat olaraq sən paranoyak olmalısan. Daim risk zonasındasan".

Çin üzrə keçmiş MKİ analitiki Con Kalver qeyd edib ki, paranoya Si Szinpinin idarəetmə üslubunun zəif tərəfi yox, tərkib hissəsidir: "Əgər o, irrasional davransaydı, bu qədər uzun müddət hakimiyyətdə qala bilməzdi".

Analitiklərin diqqətini çəkən digər məqam Wall Street Journal nəşrində dərc olunan məlumat olub. Orada iddia edilirdi ki, Çin zabitlərinə guya general Canın ABŞ xeyrinə casusluq etdiyi bildirilib. Lakin amerikalı rəsmilər belə ittihamları təsdiqləyən sübutlara malik olmadıqlarını və Çində bununla bağlı daxili kampaniya müşahidə etmədiklərini deyiblər.

Rəsmi Pekin isə generallara qarşı tədbirlərin antikorrupsiya kampaniyasının bir hissəsi olduğunu bildirir. Çinin Vaşinqtondakı səfirliyinin sözçüsü Lyu Penyu istintaqın "korrupsiyaya sıfır tolerantlıq" nümayiş etdirdiyini vurğulayıb. Eyni zamanda ekspertlər hesab edirlər ki, təmizləmələr yalnız korrupsiyaya qarşı mübarizə deyil, həm də 2027-ci il partiya qurultayı ərəfəsində potensial siyasi rəqiblərin aradan qaldırılmasına yönələ bilər.

Analitiklər həmçinin xəbərdarlıq edirlər ki, orduda yaranan rəhbərlik boşluğu Çinin hərbi planlamasına, xüsusilə Tayvanla bağlı məsələlərə təsir göstərə bilər.

Corctaun Universitetinin tədqiqatçısı Raş Doşinin fikrincə: "Partiya ilə ordu arasında etimadsızlıq, ən azı yaxın müddətdə, böyük əməliyyatlarla bağlı qərarların qəbulunu ləngidə bilər".

Poliqon.info

Seçilən
22
poliqon.info

1Mənbələr