AZ

Üç şəxsiyyət, üç tale

1926-cı il fevralın 26-dan martın 6-dək Bakıda keçirilmiş I Türkoloji Qurultay XX əsrdə türk xalqlarının elmi və mədəni inkişafında mühüm dönüş nöqtəsi kimi tarixə düşmüşdür. Bu qurultay təkcə dilçilik tədbiri deyil, türk dünyasının elmi düşüncəsinin koordinasiyasını, mədəni inteqrasiyasını və modernləşmə istiqamətini müəyyən edən genişmiqyaslı platforma olmuşdur. I Türkoloji Qurultay bu qlobal məzmunlu tədbirdə iştirak etmiş görkəmli ziyalıların həyatına, sonrakı taleyinə nəzər salmaq baxımından da yeni bir imkandır. 

Bu insanlar həmin qurultayda gələcəyə çox böyük ümidlərlə iştirak etmiş, işıqlı ideyalarını, təkliflərini bölüşmüşdülər. Onlar qəlbən inanırdılar ki, yeni günlər keçmişdən daha gözəl, aydın, cəmiyyət üçün xoşbəxtlik və rifah dolu olacaq. Əfsuslar ki, həyat dövrün ziyalılarına bu ümidlərin tamam əksini yaşatdı, bolşeviklərin repressiya maşını cəmi bir neçə ildən sonra I Türkoloji Qurultay iştirakçılarının çoxunun ömrünə son qoydu, bir qismi pantürkizm damğası ilə güllələndi, Sibirə gedər-gəlməzə göndərildi, həyatını adi bir təsadüfdən başa vuranları da oldu. 

Stenoqrafik hesabatlara əsasən, I Türkoloji Qurultayda ümumən 131 nümayəndə və qonaq iştirak edib. Bu məqalədə onlardan fərqli talelər yaşamış 3 nəfər - Həbib Cəbiyev, Səməd ağa Ağamalıoğlu və Fuad Köprülzadə haqqında söhbət açmağa çalışacağıq. 

I Türkoloji Qurultayın repressiya qurbanı olmuş iştirakçısı 

Əvvəlcə onu qeyd edək ki, sovet hakimiyyətinin ilk illərində Bakıda belə bir qurultayın keçirilməsi və burada türk xalqlarının dili, tədris-metodikası, hətta ortaq ədəbi dil məsələsi, ulu dil nəzəriyyəsi, türk dillərinin tarixi problemləri kimi mövzuların müzakirəyə çıxarılması ilk baxışında paradoksal görünə bilər. Axı bu həmin sovet hakimiyyətidir ki, cəmi bir neçə ildən sonra pantürkizmi düşmən ideologiya elan edəcək, zəmanəsinin ən  görkəmli alimlərinə pantürkst damğası ilə qənim kəsiləcəkdi. Amma sovet hakimiyyətinin konyuktur mahiyyətindən yanaşanda bu paradoksu anlamaq çətin görünmür. I Türkoloji Qurultayın keçirilməsinə şərait yaradılması da, burada iştirak edən ziyalıların bir neçə ildən sonra qanlı repressiya maşınının çarxlarına sürüklənməsi də sovetlərin dövrə görə dəyişən siyasi maraqları ilə bağlı idi. 

Sovet rəhbərliyi ötən əsrin 20-ci illərinin ortalarında qeyri-rus xalqlar arasında legitimlik qazanmaq, yeni dünyəvi və sovetləşmiş intellektual elita formalaşdırmaq, həmçinin savadlılıq kampaniyasını sürətləndirmək məqsədi güdürdü. Dil, əlifba islahatı, tədris, kütləvi savadlılıq bu baxımdan ideoloji yox, dövlət texnologiyası kimi qiymətləndirilirdi.

1930-cu illərdən isə sovetlər pantürkizmi ona görə düşmən ideologiya elan etdilər ki, bu ideyada imperiyanın siyasi bütövlüyü və mərkəzləşmiş nəzarəti üçün real təhlükələr görməyə başlamışdılar. 

I Türkoloji Qurultayın repressiyaya qurban getmiş iştirakçılarından biri Həbib Cəbiyev oldu. O, 1899-cu ildə Balaxanıda doğulmuşdu, Ağahüseyn adlı qardaşı ilə birgə ailədə iki övlad idilər. Atası Pirican Cəbiyev Bakı neftxudalarından sayılırdı,  Nobel qardaşları ilə birgə çalışırdı, sonralar Hacı Zeynalabdin Tağıyev və Arafelovla birgə şirkət də təsis etmişdilər. Atası Həbibi öz işinin davamçısı kimi görmək istədiyindən onu 12 yaşında Bakı kommersiya məktəbinə qoymuşdu. Onda Bakıdakı bir çox məktəblər kimi burada da kor-koranə inqilabi əhvali-ruhiyyə hökm sürür, tez-tez siyasi məzmunlu yığıncaqlar keçirilirdi. Bütün bunlar yeniyetmə Həbibin də dünyagörüşünə təsir göstərirdi, o,  məktəbdə yaradılmış gizli şagird dərnəyinə üzv olmuşdu, dərnəyin fəallarından idi.

1916-cı ilin sonlarında Həbib Cəbiyev Birinci Dünya müharibəsi əleyhinə apardığı təbliğati işə görə həbs edilərək iki gün polis sahəsində saxlanılır. 1918-ci ildə - kommersiya məktəbinin son kursunda isə bolşeviklər partiyasına daxil olur və həmin il bolşevik "Hümmət" təşkilatının Balaxanı şöbəsinin katibi seçilir. Seyid Cəfər Pişəvəri, Nemət Bəsir və Əlisəttar İbrahimovla birlikdə Bakıdakı şəxsi mətbəələrdə siyasi ədəbiyyat nəşri ilə məşğul olur. 1919-cu ilin aprelində Gəncəyə gedir, bolşeviklər partiyasının Gəncə qəza komitəsinin fəal üzvlərindən birinə çevrilir. Gəncəbasar tərəflərdə inqilabi iş aparır, Qazaxda, Tovuzda, Ağstafada, Gədəbəydə partiya özəkləri və qrupları yaradır.

Həbib Cəbiyev jurnalistika fəaliyyəti ilə də məşğul olurdu və bu işə "Azərbaycan füqərası" qəzetindən başlamışdı. 1921-ci ilin mart-aprel aylarında o həmin qəzetin, 1921-ci ilin oktyabr ayından 1922-ci ilin yanvar ayına kimi "Kommunist" qəzetinin redaktoru vəzifəsində işləmişdir. O, sonralar yenidən iki dəfə "Kommunist" qəzetində məsul vəzifə tutmuşdu. 1923-cü ildən 1927-ci ilə və 1929-cu ildən 1930-cu ilə kimi qəzetin redaktoru olmuşdu.

I Türkoloji Qurultaya hazırlıq işinə də "Kommunist" qəzetinin redaktoru işlədiyi dövrdə cəlb edilmişdi. O, SSRİ Xalq Komissarları Sovetinin qərarı ilə qurultayın çağırılmasına hazırlıq üzrə yaradılmış təşkilat komissiyasında təmsil olunurdu. Qurultay zamanı isə rəyasət heyətinin üzvü kimi fəaliyyət göstərirdi. Həbib Cəbiyev latın əlifbasına keçidin qızğın tərəfdarı idi və səsvermə zamanı bu təşəbbüsün əksəriyyətin dəstəyini qazanmasına bütün gücü ilə çalışırdı. Qurultayın latın qrafikasına keçid barədə yekun qərarını da elə Həbib Cəbiyev oxumuşdu.

1929-cu ildə Həbib Cəbiyevin iştirakı və təşəbbüsü ilə "Azərbaycanı Tədqiq və Öyrənmə Cəmiyyəti" əsasında Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu yaradılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının özəklərindən sayıla biləcək bu institutun ilk həqiqi üzvləri sırasında R.Axundov, Ə.Haqverdiyev, S.Əfəndiyev, T.Şahbazi, V.Bartold, N.Marr, İ.Meşşaninov ilə yanaşı, Həbib Cəbiyev özü də təmsil olunurdu. 

Ötən əsrin 20-ci illərinin sonlarına doğru Azərbaycanın rəhbəri olacaq Mircəfər Bağırovla Həbib Cəbiyev arasında münasibətlər gərginləşməyə başlayır. Mümkün təhlükələrdən uzaq qalmaq üçün o, Moskvaya köçür, SSRİ Xalq Yeyinti Sənaye Komissarlığında məsul vəzifələrdə işləməyə başlayır, yaxşı işinə görə həmin dövrün ən yüksək təltiflərindən olan "Lenin ordeni"nə layiq görülür. 

Amma repressiya dalğası ondan yan keçmir. 1938-ci ildə Həbib Cəbiyevi həbs edib Bakıya göndərirlər. Çox güman ki, burada Mircəfərin fitvası da müəyyən rol oynayır. İstintaq zamanı Həbib Cəbiyevi bir neçə dəfə Mircəfər Bağırov özü dindirir, istədiyi ifadəni ondan ala bilmədiyini gördükdə 21 aprel 1938-ci ildə dindirmə zamanı şəxsən özü onu güllələyir. Həbib Cəbiyevin böyük oğlu Cahangir də repressiya dövründə öldürülür, kiçik oğlu Teymur isə Buzovna çimərliyində dənizdə batır. 

Sosial ədalət ideyalarına bağlı ziyalı

I Türkoloji Qurultaya hazırlıq üzrə təşkilat komitəsinin və qurultayın rəyasət heyətinin sədri Səməd ağa Ağamalıoğlu idi. Səməd ağa Ağamalıoğlu 1867-ci ildə Qazax qəzasının Qıraq Kəsəmən kəndində anadan olub. Dövrünün savadlı və dünyagörüşlü ziyalılarından biri kimi Qori Müəllimlər Seminariyasında, daha sonra Vladiqafqaz Hərbi Progimnaziyasında təhsil alıb. Tədqiqatçılar yazırlar ki, gənc yaşlarından sosial ədalət ideyalarına bağlı olan Səməd ağa varlı mülkədar ailəsindən çıxsa da, kasıblara xüsusi həssaslıqla yanaşırdı.

1905-ci ildə o, ata-babadan qalma bütün var-dövlətindən - torpaqlarından, mal-qarasından, qızıl və sərvətlərindən imtina edərək onları xidmətçilərinə paylayır. Onun bu addımı dövrün varlıları tərəfindən ağılsızlıq, yoxsullar tərəfindən isə misilsiz alicənablıq kimi dəyərləndirilirdi. Səməd ağa bərabərhüquqlu, azad və ədalətli cəmiyyət ideyasını həyat tərzinə çevirmiş nadir şəxsiyyətlərdən idi.

1905-1907-ci illər inqilabı zamanı o, sosial ədalət uğrunda mübarizəyə qoşulur, ona daha cəlbedici görünən bolşevik ideyalarını qəbul edərək siyasi fəaliyyətə başlayır. 1917-ci ildən RSDFP-nin (Rusiya Sosial Demokrat Fəhlə Partiyası) və Yelizavetpol Sovetinin üzvü olur, daha sonra "Hümmət" təşkilatında və mətbuatda fəal şəkildə çalışır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentə üzv seçilərək qanunvericilik proseslərində fəal iştirak edir.

Sovet hakimiyyəti qurulduqdan sonra Səməd ağa Ağamalıoğlu respublikanın ilk xalq torpaq komissarı, Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin sədri və SSRİ miqyasında yüksək vəzifələr tutur. Onun fəaliyyəti təkcə siyasi sahə ilə məhdudlaşmırdı. 1922-ci ildə Leninlə görüşü zamanı Səməd ağa Ağamalıoğlu ərəb-fars əlifbasının latın qrafikası ilə əvəz olunmasını təklif etmiş və qadınlara bərabər hüquqlar verilməsi ideyasını irəli sürmüşdü. Təsadüfi deyil ki, Lenin Səməd ağanın bu təşəbbüslərini "Şərqdə mədəni inqilab" adlandırırdı. 

Səməd ağa yeni türk əlifbasının tətbiqində də mühüm rol oynamışdı. O, Ümumittifaq Yeni Türk Əlifbası Komitəsinə rəhbərlik etmiş, mətbuatda bu mövzuda çoxsaylı məqalələri işıq üzü görmüşdü. "Bizim yolumuz hayanadır?", "İki mədəniyyət", "Yeni türk əlifbasının müdafiəsində" kimi əsərləri ilə o, həmin dövrdə dil, əlifba mövzusunda polemikalara ciddi təsir göstərmişdir. 

I Türkoloji Qurultaya hazırlıq üzrə komissiyaya və qurultaya sədrlik edərkən Səməd ağa Ağamalıoğlu Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışırdı. Qurultaydan sonra SSRİ MİK-in 11 may 1927-ci il tarixli sərəncamı ilə yeni türk əlifbasının Mərkəzi Komitəsi yaradılmış, Səməd ağa Ağamaloğlu onun sədri seçilmişdir. Amma I Türkoloji Qurultaydan sonra onun da həyatı uzun sürmədi, 1930-cu ildə Moskvada olarkən qəflətən vəfat etdi. Nəşi sonradan Bakıya gətirilərək Fəxri xiyabanda dəfn olundu.

Yol qəzasına qurban gedən professor

I Türkoloji Qurultayın ən görkəmli nümayəndələrindən biri isə tarixçi-ədəbiyyatşünas, sonradan Türkiyədə siyasətçi kimi də məşhurlaşan professor Fuad Köprülü idi. O, 4 dekabr 1890-cı ildə İstanbulda - Bəyoğlu Cəza Dairəsi məmuru Faiz bəyin ailəsində anadan olmuşdur. Təhsilini İstanbulda almış, fars və fransız dillərini öyrənmiş, o dövrün nüfuzlu nəşrlərindən olan "Servet-i Fünun" jurnalında məqalələrlə çıxış etməyə başlamış, sonralar "Hak" qəzetinin redaksiya müdiri olmuşdu. Müxtəlif illərdə İstanbuldakı bir neçə məktəbdə dil-ədəbiyyat, İstanbul Universitetində türk ədəbiyyatı tarixi, mülkiyə məktəbində siyasi tarix və Türkiyə tarixi müəllimi kimi çalışmışdır. 1924-cü ildə Təhsil Nazirliyində müşavir işləmiş, eyni zamanda İstanbul Universitetində dərs demişdir. 1936-cı ildə Dil, Tarix və Coğrafiya Fakültəsində, 1937-ci ildə isə Siyasi Elmlər Məktəbində professor olmuş, Qars bölgəsindən Türkiyə Böyük Millət Məclisinə üzv seçilmişdir. Millət vəkili olduğu dövrdə Cümhuriyyət Xalq Partiyasından ayrılaraq üç dostu - Cəlal Bayar, Adnan Menderes ve Refik Koraltan ilə birlikdə Demokrat Partiyasını qurmuşdur. 1950-1954-cü illərdə Türkiyənin xarici işlər naziri, baş nazirin müavini vəzifələrində çalışmışdır. 1954-cü ildə yeni hökumət kabinetində də ikinci dəfə xarici işlər naziri olmuş, 1955-ci ildə isə bu vəzifədən istefa vermişdir. Xarici işlər naziri olduğu dövrdə Türkiyənin NATO-ya qəbulunda əhəmiyyətli rol oynamışdır. Qurulmasında yaxından iştirak etdiyi partiyanın sonrakı xəttini bəyənmədiyindən 1957-ci ildə Demokrat Partiyasından istefa vermiş və Hürriyyət Partiyasına keçmişdir. Siyasi fəaliyyəti ilə yanaşı, elmi araşdırmalarını da dayandırmamış, onun 1500-dən çox tədqiqat əsəri qalmışdır. 

Bu böyük alim yaşının ixtiyar çağlarında təsadüfi bir hadisəyə qurban getmişdir. 15 oktyabr 1965-ci ildə Ankaradakı Türk Tarix Qurumundan piyada evinə qayıdarkən yol qəzasına düşmüşdür. 28 iyun 1966-cı ildə müalicə aldığı İstanbulda Baltalimanı xəstəxanasında vəfat etmiş, İstanbulun Çemberlitaşdakı Köprülü məscidə bitişik ailə qəbiristanlığında dəfn edilmişdir.

Fuad Köprülü I Türkoloji Qurultaya İstanbul Universitetinin professoru kimi qatılmışdı. O, ədəbiyyata sosioloji metod prizmasından baxır, ümumtürk ədəbiyyatını Osmanlı, Azərbaycan və Orta Asiya bölgələri üzrə öyrənməyi təklif edirdi. O, dil faktorunu əsas götürür, Azərbaycan ədəbiyyatını Həsənoğludan başlamağı təklif edirdi, farsca yazan şairləri bu ədəbiyyata qəbul etmirdi. Türkiyədə Azərbaycan ədəbiyyatının tanıdılmasında müasiri olan digər tanınmış alimlər kimi Fuad Köprülünün də böyük xidmətləri vardır. 

Araşdırmaçı Azər Turan Köprülü haqqında məqalələrinin birində yazır ki, 1939-cu ildə Sarbon Universitetinin fəxri doktoru seçildiyi günlərdə alimin şərəfinə Sarbon Universitetinin çatısında türk bayrağı dalğalanırdı. Köprülü bunu elmi həyatında ən dəyərli mükafat kimi qiymətləndirirdi: "Sorbonna üstündə türk bayrağı dalğalanırkən universitetə Fransız Rəisicümhuru (Fransa Prezidenti Alber Lebren) gəlmişdi. Kəndilərinə məni türk alimi deyə təqdim etdilər. Əlimi sıxdı, nazikanə təbrik etdi". 

Bir faktı da qeyd edək ki, 1925-ci ildə SSRİ Elmlər Akdemiyasının müxbir üzvü seçiləndə Fuad Köprülünün 35 yaşı vardı və rus elminin məşhurları - Bartold, Oldenburq, Kraçkovski etiraf edirdilər ki: "Köprülüzadənin tədqiqləri sayəsində türkoloji elm sahəsi istər tarix, istərsə də linqvistika baxımından keçmiş vəziyyəti ilə ölçüyəgəlməyəcək dərəcədə yüksəlmişdir". Akademik Qordlevskiyə görə, "Köprülüzadə Fuad bəy şübhəsiz ki, yeni Türkiyənin ən böyük simalarından biridir... Onun incə və parlaq üslübda yazılan əsərləri mövzularının yeniliyi ilə diqqəti cəlb etməsindən başqa, yalnız Türkiyə üçün deyil, bütün avropalı araşdırıcıları üçün də böyük dəyər daşıyır..." 

Lakin 1948-ci ildə Stalinin qərarı ilə Köprülü SSRİ Elmlər Akademiyasının üzvlüyündən xaric edilir. Səbəb nə idi? Araşdırmaçı Azər Turan yazır ki, o zaman Gürcüstanın Elmlər Akdemiyasının alimləri sovet mətbuatında Türkiyə torpaqlarının bir qisminin sovet Gürcüstanına aid olması iddiası ilə çıxış edirdilər. Fuad Köprülü gürcü alimlərinə cavab olaraq "Vətən" qəzetində "Gürcü alimlərinə cavab", "Tarix yalançı şahid olamaz", "Tarix deyil, əfsanə", "Əfsanə deyil, tarix" sərlövhəli silsilə məqalələrini yazmış, dünya ictimaiyyətinin diqqətini Türkiyənin xeyrinə yönəldə bilmişdir. Elə həmin il - 1948-ci ilin 12 noyabrında  SSRİ EA-nın ümumi yığıncağında Sovet İttifaqına qarşı "düşmənçilik və böhtan ruhlu" çıxışlarına  görə türk professoru Fuad Köprülü akademiyanın əcnəbi müxbir üzvləri sırasından xaric edilmişdir. Bütün bunlar da göstərir ki, Köprülünün siyasi həyatı elmi həyatının daim ayrılmaz tərkib hissəsi idi.    

I Türkoloji Qurultayın 100-cü ilində bu böyük aydınların hər birini sevgi ilə anırıq. Cəmiyyətin inkişafı naminə fədakar fəaliyyətlərinin yaratdığı əbədi mənəvi dəyərlər yaşadıqca, bu ziyalılar da yaşayır, keçmişdən bu günə, bu gündən gələcəyə işıq salırlar. 

İradə ƏLİYEVA,

"Azərbaycan"

Seçilən
11
azerbaijan-news.az

1Mənbələr