
Kolumbiya Prezidenti Qustavo Petro ABŞ Prezidenti Donald Trampla Vaşinqtonda keçirdiyi görüş zamanı ölkə hüdudlarından kənarda yaşayan ən təhlükəli narkobaronların adlarını ehtiva edən xüsusi siyahını ona təqdim edib.
AFN.az xəbər verir ki, Petro bu şəxslərin beynəlxalq səviyyədə təqib edilməsinin vacibliyini vurğulayıb.
Prezidentin sözlərinə görə, narkotrafikin "birinci eşalonu" Kolumbiyada deyil, Dubay, Madrid və Mayami kimi şəhərlərdə gizlənir. "Mən həmin əsas rəhbərlərin və onlarla əlaqəli şəxslərin adlarını prezident Trampa verdim. Onların pulları Kolumbiyadan kənardadır. Müxtəlif ölkələrin kəşfiyyat orqanları ilə əməkdaşlıq edərək, onları birgə təqib etmək lazımdır", — deyə Kolumbiya lideri birgə mətbuat konfransında bildirib.
Petro qeyd edib ki, transmilli narkotik ticarətinə son qoymaq üçün cinayət zəncirinin başındakı şəxslərin saxlanılması mütləqdir. Onun fikrincə, bu şəxslər arasında kolumbiyalılar olsa da, onlar çoxluq təşkil etmirlər.
Xatırladaq ki, fevralın 3-də Ağ Evdə baş tutan danışıqlardan sonra Donald Tramp tərəflərin narkotrafiklə mübarizədə genişmiqyaslı əməkdaşlıq barədə razılığa gəldiklərini bəyan edib.