AZ

HÜRJET Avropada diqqət mərkəzindədir: İspaniyada F-5 təyyarələrini əvəz edəcək

Türkiyənin ilk reaktiv təlim təyyarəsi olan HÜRJET Avropa bazarına çıxmaqla beynəlxalq aviasiya sənayesində mühüm uğura imza atıb. Təyyarənin İspaniyaya ixracı Türkiyə aviasiya sənayesi üçün yeni imkanlar açır. Vətəninfo.az xəbər verir ki, HÜRJET İspaniya Hərbi Hava Qüvvələrinin istifadəsində olan F-5 (AE.09) təyyarələrini əvəz edəcək.

İspaniyanın nüfuzlu aviasiya jurnallarından biri olan və uzun illərdir nəşr olunan “Avion Revue” jurnalı son buraxılışının üz qabığında HÜRJET-ə yer verib. Jurnalda qeyd olunub ki, artıq müqavilə imzalanıb və 2028-ci ildən etibarən HÜRJET ölkədə F-5 təlim təyyarələrinin yerini tutacaq.

Türkiyə Aerokosmik Sənayesinin (TUSAŞ) baş direktoru Mehmet Demiroğlu jurnala verdiyi müsahibədə bildirib ki, 53 illik təcrübəyə malik olan TUSAŞ dizayn, istehsal, sınaq və sertifikatlaşdırma sahələrində qazandığı biliklər sayəsində dünyanın aparıcı təyyarə istehsalçıları sırasında yer alır.

Onun sözlərinə görə, şirkətin formalaşdırdığı texniki baza və intizamlı istehsal mədəniyyəti layihələrin uzunmüddətli davamlılığını təmin edir:

“Bu gün TUSAŞ KAAN döyüş təyyarəsi, HÜRJET reaktiv təlim təyyarəsi, HÜRKUŞ çoxməqsədli təyyarəsi, Gökbey ümumi təyinatlı helikopteri, T129 hücum helikopteri, eləcə də ANKA və AKSUNGUR pilotsuz uçuş aparatları ilə mühəndislik vizyonunu nümayiş etdirir. Eyni zamanda Boeing və Airbus kimi qlobal nəhənglərin strateji istehsal tərəfdaşıyıq.

HÜRJET sadəcə bir təlim təyyarəsi deyil. O, yüksək performans və qabaqcıl sistem inteqrasiyası fəlsəfəsi ilə hazırlanıb və Türkiyənin müasir hava qüvvələri baxışını əks etdirir. Proqram çərçivəsində ilk uçuşdan sonra 33 ay ərzində prototiplər 360-dan çox uçuş həyata keçirib və 280 saatdan artıq uçuş vaxtı toplayıb.”

“İspaniya niyə HÜRJET-i seçdi?” sualına cavab verən Demiroğlu bildirib ki, bir çox reaktiv təlim təyyarəsi müvəqqəti ehtiyaclara əsaslanaraq dizayn edilib. HÜRJET isə başlanğıcdan etibarən 5-ci və 6-cı nəsil döyüş təyyarələrinin əməliyyat konsepsiyalarına uyğun şəkildə hazırlanıb.

Onun sözlərinə görə, HÜRJET sensorların inteqrasiyası, şəbəkə mərkəzli döyüş imkanları və insan–maşın əməkdaşlığı prinsiplərini özündə birləşdirir. Səsdən sürətli uçuş qabiliyyəti, açıq sistem arxitekturası, aşağı istismar xərcləri və müasir rəqəmsal kabinası sayəsində təyyarə öz sinfində ən funksional platformalardan biri hesab olunur.

Demiroğlu vurğulayıb ki, İspaniyanın bu seçimi təkcə mövcud ehtiyacların ödənilməsi deyil, eyni zamanda Hərbi Hava Qüvvələrinin gələcək transformasiyası baxımından strateji qərardır. HÜRJET pilotlara müasir döyüş təyyarələrinə keçidi daha rahat və effektiv şəkildə həyata keçirməyə imkan verir. Təyyarə NATO standartlarına və müttəfiq ölkələrin təlim çərçivələrinə tam uyğundur.

Bildirilir ki, HÜRJET 2027-ci ildə Türkiyə Hərbi Hava Qüvvələrinin inventarına daxil olduqdan sonra İspaniyanın yeni təlim sisteminə keçidini də dəstəkləyəcək və iki ölkə arasında uzunmüddətli əməkdaşlığı gücləndirəcək.

TUSAŞ-ın gələcək beynəlxalq əməkdaşlıqları ilə bağlı danışan Demiroğlu qeyd edib ki, qlobal aviasiya bazarı dinamik olaraq dəyişir və şirkət bir sıra ölkələrlə danışıqlar aparır:

“İspaniyanın verdiyi qərar gələcək beynəlxalq əməkdaşlıqlar üçün güclü istinad nöqtəsi olacaq. HÜRJET-in yolçuluğu yeni başlayır. Qarşıda uzun və sabit bir inkişaf yolu var.”

Seçilən
12
veteninfo.az

1Mənbələr