AZ

ABŞ İranla danışıqların Türkiyədən Omana köçürülməsinə razılıq verib

Nüvə müzakirələrinin cümə günü Omanda keçirilməsi gözlənilir, format və iştirakçılarla bağlı müzakirələr davam edir...

ABŞ ilə İran arasında nüvə danışıqları cümə günü Omanda keçiriləcək.

Poliqon xəbər verir ki, bu barədə Axios nəşrinin müxbiri Barak Ravid ərəb mənbəyə istinadən X sosial şəbəkəsində məlumat yayıb. Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp administrasiyası İran tərəfinin danışıqların Türkiyədən Omana köçürülməsi ilə bağlı müraciətini qəbul edib.

Barak Ravid qeyd edib ki, hazırda Omanda keçiriləcək görüşə regionun ərəb və müsəlman ölkələrinin qoşulub-qoşulmayacağı ilə bağlı müzakirələr hələ də davam edir. Danışıqların yekun tərkibi və formatı yaxın vaxtlarda dəqiqləşdirilə bilər.

Daha əvvəl İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Esmail Bəqayi bildirmişdi ki, İran prezidenti tərəfindən verilmiş göstərişlərə uyğun olaraq ABŞ ilə nüvə danışıqlarına hazırlıq aparılır. IRNA agentliyinin sitat gətirdiyi açıqlamada Bəqayi vurğulayıb ki, danışıqların planlaşdırılması başa çatıb və hazırda yalnız görüş yerinin yekun müəyyənləşdirilməsi üzrə məsləhətləşmələr gedir. O, Türkiyə və Oman da daxil olmaqla regionun bir neçə ölkəsinin danışıqlara ev sahibliyi etməyi təklif etdiyini də bildirib.

Media orqanlarının əvvəlki məlumatlarına görə, İranın xarici işlər naziri Abbas Araqçi cümə günü İstanbulda ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Amerika liderinin müşaviri Cerad Kuşner ilə görüşməli idi. The Jerusalem Post nəşrinin mənbələri isə danışıqlara Qətər, Misir, Səudiyyə Ərəbistanı, Oman və Türkiyənin xarici işlər nazirləri səviyyəsində yüksək vəzifəli rəsmilərin də qoşula biləcəyini iddia edib.

Axios-un yazdığına görə, Tehran görüşün yeri və formatının dəyişdirilməsini tələb edib. Məlumata əsasən, İran danışıqların İstanbuldan Omana köçürülməsini, həmçinin ABŞ ilə yalnız ikitərəfli formatda aparılmasını istəyir və bəzi müsəlman ölkələrinin prosesdə iştirakına qarşı çıxır.

Qeyd edək ki, Tehran və Vaşinqton indiyədək beş raund danışıqlar aparıb. Altıncı raund isə 2025-ci ilin iyununda əvvəlcə İsrailin, daha sonra ABŞ-nin İrana endirdiyi zərbələrdən sonra baş tutmayıb və proses faktiki olaraq dayanıb.

Poliqon.info

Seçilən
23
poliqon.info

1Mənbələr