AZ

Sülh missiyası və artan beynəlxalq nüfuz

Azərbaycan regionda sabitliyin moderatoru kimi çıxış edir

Azərbaycanın beynəlxalq münasibətlər sistemində tutduğu mövqe yalnız coğrafi üstünlüklərlə deyil, həm də apardığı balanslaşdırılmış və sülhə yönəlmiş xarici siyasətlə xarakterizə olunur. Şərq və Qərb, Şimal və Cənub arasında təbii körpü rolu oynayan Azərbaycan coğrafi mövqeyini çevik diplomatiya ilə birləşdirərək regionun əsas güc mərkəzinə çevrilib. 

Ölkəmiz qlobal müstəvidə etibarlı tərəfdaş və strateji dialoq məkanıdır. Bakı mütəmadi olaraq beynəlxalq humanitar forumlara və sivilizasiyalararası dialoqlara evsahibliyi edərək dünyada sülhün və qarşılıqlı anlaşmanın təşviqçisi statusunu möhkəmləndirir. 2010-cu ildə başlayan və regional təşəbbüsdən qlobal çağırışa çevrilən "Bakı Prosesi" vasitəsilə mədəniyyətlərarası dialoqa verilən töhfə ölkəmizin "yumşaq gücü"nü artırıb. Azərbaycanın 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına uğurlu sədrlik etməsi və pandemiya dövründə qlobal həmrəylik təşəbbüsləri ölkəmizin beynəlxalq nüfuzunu zirvəyə daşıyıb. 

Prezident İlham Əliyevin müdrik siyasəti və unikal idarəetməsi ölkəmizə böyük güclər arasında manevr etmək və milli suverenliyini qorumaq imkanı verir. Azərbaycanın daxili sabitliyi və multikulturalizm siyasəti beynəlxalq aləmdə bir model kimi qəbul edilir. Dünyanın ən böyük güclərinin hərbi-siyasi rəhbərlərinin məhz Bakıda görüşməsi heç də təsadüfi deyil. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə NATO-nun hərbi rəhbərliyinin Bakıda keçirdiyi görüşlər də Azərbaycanın hər iki tərəf üçün nə dərəcədə etibarlı məkan olduğunun sübutu idi. Türkiyə və İsrail arasındakı vasitəçilik missiyası da ölkəmizin xarici siyasətindəki "qızıl körpü" rolunun ən bariz nümunələrindən biridir. Hər iki ölkə ilə strateji müttəfiqlik və yaxın dostluq münasibətlərinə malik olmaq Bakıya bu gərginliyi yumşaltmaq üçün unikal imkanlar qazandırıb. Azərbaycan rəsmiləri illərlə hər iki tərəf arasında anlaşılmazlıqların aradan qaldırılması üçün səssiz diplomatiya metodundan istifadə ediblər. Bakının qardaş Türkiyə və etibarlı, strateji tərəfdaş İsrailə təklifləri hər iki ölkə tərəfindən məmnunluqla qəbul olunub.

Suriyadakı rejim dəyişikliyi və regiondakı yeni reallıqlar fonunda da Azərbaycan yenidən ön plana çıxdı. Bakı Suriyada maraqları kəsişən güclər arasında hərbi toqquşma riskini minimuma endirmək üçün "qaynar xətt" rolunu oynadı. Ölkəmizin bir neçə coğrafiyanı əhatə edən uğurlu fəaliyyəti bir daha göstərir ki, dövlətin gücü, sadəcə, ərazisi, əhali sayı və ya ordusu ilə deyil, həm də dünyada nə qədər lazımlı olması, etibarlı tərəfdaşa çevrilməsi və problemləri həlletmə qabiliyyəti ilə ölçülür. Azərbaycan Şərqlə Qərbin, Şimalla Cənubun qovuşduğu təhlükəsiz tranzit qovşağı olmaqla bərabər, fərqli dinlərin və etnosların dinc yaşaması üçün ideal nümunə, o cümlədən bloklara qoşulmadan, bütün güc mərkəzləri ilə bərabərhüquqlu münasibətlər quran, mürəkkəb siyasi məsələlərdə neytral moderator funksiyasını icra edən nadir ölkələrdəndir. 

Sülh və sabitlik iqtisadi inkişafın əsas şərtidir. Azərbaycanın təşəbbüskarı olduğu nəqliyyat və enerji layihələri ("Cənub qaz dəhlizi", Bakı-Tbilisi-Qars və s.) yalnız iqtisadi mənfəət deyil, həm də iştirakçı ölkələr arasında qarşılıqlı anlaşma və sülh zənciri yaradır. 

Mehriban qonşuluq və regional sabitlik Azərbaycanın xarici siyasət doktrinasının özəyini təşkil edir. Prezident İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkianla təmasları və verdiyi mesajlar göstərdi ki, Bakı üçün ən böyük prioritet, ilk növbədə, regional təhlükəsizlik qurşağı yaratmaqdır. Cənab İlham Əliyevin həmkarı Pezeşkianla telefon danışığı əsnasında İran rəhbərinin Azərbaycana səfərləri, dövlət başçılarının görüşləri və səmərəli danışıqlar məmnunluqla xatırlandı. Söhbət zamanı Azərbaycan ilə İran arasında münasibətlərin dostluq, qardaşlıq prinsiplərinə əsaslandığı və xalqlarımız arasında tarixi, etnik və dini bağların olduğu bir daha qeyd edildi. Həmçinin dövlət başçısı İlham Əliyev bölgədə yaranmış vəziyyətdən narahat olduğunu və Azərbaycanın gərginliyi aradan qaldırılmasına töhfə verməyə hazır olduğunu xüsusi vurğuladı.

Reallıq odur ki, qonşu ölkələrdə yaranacaq hər hansı xaos və ya hərbi münaqişə ölkəmizin milli maraqlarına da təsirsiz ötüşməyəcək. İran ərazisi Azərbaycan üçün həm Naxçıvanla əlaqə (Araz dəhlizi), həm də "Şimal-Cənub" nəqliyyat dəhlizi üçün əhəmiyyət kəsb edir. Azərbaycan cənub qonşusu İranla bağlı mövqeyini dəfələrlə ortaya qoyub. Prezident İlham Əliyev bəyan edib ki, Azərbaycan ərazisindən qonşu dövlətlərə qarşı hər hansı hücum və ya kəşfiyyat məqsədilə istifadə edilməsinə icazə verilməyəcək. Bu qətiyyətli mövqe İranın narahatlığını aradan qaldırır və iki ölkə arasında etimad mühitini bərpa edir. Prezident İlham Əliyevin İranla bağlı yürütdüyü uzaqgörən siyasət regionun "alov halqası"na çevrilməsinin qarşısını alan mühüm faktorlardan biridir. Sülh və sabitlik tərəfdarı olan, bu istiqamətdə çoxsaylı əməli addımlar atan Azərbaycan qonşu ölkələrin münaqişələrə cəlb olunmasında qətiyyən maraqlı deyil. 

 Nəticə etibarilə, Azərbaycanın yürütdüyü müstəqil xarici siyasət kursu ölkəmizi geosiyasi fırtınaların ortasında sabitlik və etimad adasına çevirir. Azərbaycan, sadəcə, iqtisadi və enerji layihələri ilə deyil, eyni zamanda mürəkkəb münaqişələrdə nümayiş etdirdiyi ədalətli moderator missiyası ilə beynəlxalq sistemdə əvəzedilməz yer tutur. Bu strateji yanaşma dövlətimizi yeni dünya düzənində daha mühüm qlobal iştirakçı səviyyəsinə yüksəldir.

İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Seçilən
14
azerbaijan-news.az

1Mənbələr