AZ

Kolumbiya prezidenti Tramp ilə görüşünü 10 üzərindən 9 bal ilə qiymətləndirib

Qustavo Petro Ağ evdə keçirilən danışıqlardan sonra Vaşinqtonla münasibətlərdə yeni mərhələnin başlandığını bildirib...

Poliqon xəbər verir ki, Kolumbiya prezidenti Qustavo Petro ABŞ prezidenti Donald Tramp ilə fevralın 3-də Ağ evdə baş tutan görüşü yüksək qiymətləndirib. El Pais nəşrinin məlumatına görə, Oval kabinetdən çıxdıqdan bir neçə saat sonra verdiyi müsahibədə Petro görüşü 10 üzərindən 9 balla dəyərləndirib və tərəflər arasında əvvəlki gərginliyin aradan qalxdığını bəyan edib.

Qeyd olunur ki, Kolumbiya və ABŞ liderləri arasında münasibətlər 2025-ci il ərzində ciddi şəkildə pisləşmişdi. Donald Tramp Qustavo Petronu açıq şəkildə “narkobaron” və “xəstə insan” adlandırır, onu ölkədə kokain istehsalının qarşısını ala bilməməkdə ittiham edirdi. Petro isə öz növbəsində Trampı İsrailin Qəzzadakı hərbi əməliyyatlarını dəstəklədiyinə görə tənqid edir, ABŞ-nin Karib dənizi regionundakı siyasətini “tiranlıq” kimi xarakterizə edirdi.

İki prezident arasındakı münasibətlər Venesuela prezidenti Nikolas Maduronun saxlanılmasından sonra daha da gərginləşmişdi. Qustavo Petro bu hadisəni “oğurluq” adlandırmış, Donald Tramp isə Kolumbiya liderinin “növbəti hədəf” ola biləcəyinə eyham vurmuş və Kolumbiyada hərbi əməliyyat ehtimalını istisna etməmişdi.

Lakin Ağ evdə keçirilən son görüşdən sonra vəziyyət dəyişib. Qustavo Petro jurnalistlərə açıqlamasında bildirib ki, görüş onun gözləntilərini böyük ölçüdə doğruldub və gələcəklə bağlı narahatlıqlar və ümidlər açıq şəkildə müzakirə olunub. Onun sözlərinə görə, məhz bu məsələlər danışıqların əsas mövzusunu təşkil edib.

Kolumbiya prezidenti həmçinin Donald Trampa narkotiklərlə mübarizə sahəsində gördüyü işləri sübut etmək üçün xəritələr, videolar və kəşfiyyat hesabatları təqdim etdiyini deyib. Bundan əlavə, tərəflər Venesuela və Ekvadorun təhlükəsizliyi ilə bağlı regional məsələləri də müzakirə ediblər.

Poliqon.info

Seçilən
27
poliqon.info

1Mənbələr