AZ

Prezident İlham Əliyevə beynəlxalq etimadın nümunəsi

Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər strateji səviyyəyə yüksəlib. Hər iki dövlət fundamental məsələlərdə ortaq mövqedən çıxış edir. İki ölkə arasında bütün sahələr üzrə əməkdaşlıq genişlənməkdədir. Siyasi, iqtisadi, ticarət, enerji təhlükəsizliyi, xüsusilə "yaşıl enerji", hərbi texniki, humanitar sahələrdə, ümumilikdə elə bir sfera yoxdur ki, əlaqələr sürətlə inkişaf etməsin. 

Milli Məclisin deputatı Elman Nəsirov qəzetimizə açıqlamasında bildirib ki, BƏƏ-nin nüfuzlu mükafatı olan "Zayed İnsan Qardaşlığı Mükafatı" il ərzində dünya üzrə bütün sülh modellərinin araşdırılmasından sonra qiymətləndirilir: "Bu il isə "Zayed İnsan Qardaşlığı Mükafatı" Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olunub. Bu mükafat Qafqazda onilliklər ərzində davam edən münaqişəyə və humanitar əzablara son qoyan - "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş"in paraflanmasına görə verilib". 

Deputat Prezident İlham Əliyevin yanvarın 9-da  "Zayed İnsan Qardaşlığı Mükafatı" ilə bağlı nümayəndə heyətini qəbul etdiyini xatırladaraq əlavə edib ki, Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam sülh sazişi üzrə uğurun əldə olunması üçün Prezidentin gördüyü işlərin hamını ruhlandırdığını və dünyanın müxtəlif yerlərində mövcud münaqişə bölgələri üçün sülhün möhtəşəm bir nümunəsi olduğunu vurğulayıb. Qeyd olunub ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin modelinin münaqişə və müharibə olan digər bölgələrdə də tətbiqi üçün gözəl nümunə olması barədə qərar qəbul edilib. Beləliklə,  sülhün və təhlükəsizliyin təminatı ilə bağlı Azərbaycanın bu modeli əsas, nəticəsi olan model kimi qiymətləndirilib. Bu səbəbdən Prezident İlham Əliyev belə nüfuzlu mükafata layiq görülüb. Həqiqətən də bu, yüksək göstəricidir və Prezidentə olan  beynəlxalq etimadın nümunəsidir. 

E.Nəsirov bildirib ki, bu gün İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan dövlətinin sözünün məna və çəkisi kifayət qədər yüksəkdir: "Qazandığımız bütün tarixi nailiyyətlərin, xüsusilə ərazi bütövlüyü və suverenliyimizin tam təmini ilə bağlı  tarixi qələbəmizin əsas müəllifi Prezident İlham Əliyevdir, onun formalaşdırdığı nizami ordu, arxasında "dəmir yumruq" kimi dayanmış Azərbaycan xalqıdır. Bu uğurları dünya birliyi də görür və qiymətləndirir".

Deputat qeyd edib ki, dünyada böyük nüfuza malik "Zayed İnsan Qardaşlığı Mükafatı"nın Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edilməsi dövlət başçısının siyasi arenada sözünün məna və çəkisinin kifayət qədər yüksək olduğunun, ona olan ehtiram və hörmətin ifadəsidir.

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Seçilən
15
azerbaijan-news.az

1Mənbələr