AZ

Avrokomissiya Rusiyaya qarşı 20-ci sanksiya paketini bu gün təqdim edəcək

Yeni məhdudiyyətlərin müzakirəsi müharibənin başladılmasının dördüncü ildönümü ərəfəsində planlaşdırılır...

Avropa Komissiyası fevralın 4-də Avropa İttifaqı ölkələrinə Rusiyaya qarşı 20-ci sanksiya paketinin layihəsini təqdim edə bilər.

Poliqon xəbər verir ki, bu barədə "RIA Novosti" Agentliyi mənbəyə istinadən məlumat yayıb. Eyni zamanda Polşanın RMF radiostansiyası da bildirir ki, yeni sanksiya paketinin təklifi çərşənbə günü Aİ üzv ölkələri arasında müzakirəyə çıxarıla bilər.

Yanvarın sonunda Avropa Komissiyasının rəhbəri Kaya Kallas bəyan edib ki, Avropa İttifaqı hərbi əməliyyatların başlanmasının dördüncü ildönümünə — fevralın 24-nə qədər Rusiyaya qarşı 20-ci sanksiya paketini qəbul etməyi planlaşdırır. Euractiv-in məlumatına görə, mümkün məhdudiyyətlər sırasında Rusiya neft tankerlərinə texniki xidmətin qadağan edilməsi, Rusiyaya dəbdəbəli malların ixracının dayandırılması, eləcə də Aİ-nin Rusiya gübrələrinin idxalı üzrə kvotalarının azaldılması yer ala bilər.

Bundan əlavə, Bloomberg-in yazdığına görə, yeni sanksiya paketinə Rusiya bankları və neft şirkətlərini hədəfə alan əlavə maliyyə və sektor məhdudiyyətləri də daxil edilə bilər. Məqsəd Rusiyanın enerji və maliyyə sektorlarından əldə etdiyi gəlirləri daha da azaltmaq və sanksiyalardan yayınma imkanlarını minimuma endirməkdir.

Qeyd edək ki, Rusiyaya qarşı 19-cu sanksiya paketi Avropa İttifaqı tərəfindən 2025-ci ilin oktyabr ayının sonunda təsdiqlənib. Həmin paket Rusiya enerji sektorundan daxil olan gəlirlərə zərbə vurub, həmçinin üçüncü ölkələr vasitəsilə sanksiyalardan yayınma sxemlərinə nəzarəti daha da sərtləşdirib.

Poliqon.info

Seçilən
25
poliqon.info

1Mənbələr