AZ

Kolumbiya prezidenti Trampdan ölkəsinin soyqırımı ilə bağlı arxivlərin açıqlanmasını xahiş edib

Qustavo Petro ABŞ kəşfiyyatının məxfi hesabatlarının deklasifikasiyasının vətəndaş müharibəsinə son qoyulmasına töhfə verəcəyini bildirib...

Poliqon xəbər verir ki, Kolumbiya prezidenti Qustavo Petro ABŞ prezidenti Donald Trampa yazılı müraciət ünvanlayaraq ölkə tarixində “soyqırımı” kimi qiymətləndirilən iki mühüm hadisə ilə bağlı Amerika kəşfiyyatına aid arxiv materiallarının açıqlanmasını xahiş edib. O, ABŞ prezidentinin iştirakı ilə keçirilən mətbuat konfransında bildirib ki, bu sənədlərin deklasifikasiyası Kolumbiyada onilliklərdir davam edən daxili silahlı qarşıdurmanın həqiqi səbəblərinin üzə çıxmasına və ölkədə davamlı sülhün əldə olunmasına xidmət edə bilər.

Qustavo Petro müraciətində açıqlanmasını istədiyi iki tarixi hadisəni xüsusi qeyd edib. Birinci hadisə 9 aprel 1948-ci ildə Kolumbiyada böyük ictimai nüfuza malik siyasətçi Xorxe Elieser Qaytanın qətlə yetirilməsi ilə bağlıdır. Bu sui-qəsd ölkədə genişmiqyaslı iğtişaşlara və uzunmüddətli zorakılıq dalğasına səbəb olub. İkinci hadisə isə 1985-ci ildə Boqotada solçu M-19 üsyançı qruplaşmasının silahlıları tərəfindən Ədliyyə Sarayının ələ keçirilməsi ilə bağlıdır. Hər iki olay Kolumbiyada hökumətlə sol radikal silahlı qruplar arasında 60 ildən artıq davam edən vətəndaş müharibəsinin ən qanlı səhifələri kimi qiymətləndirilir. Bu qarşıdurma nəticəsində təxminən 500 min kolumbiyalı həyatını itirib, daha 5 milyon nəfər isə məcburi köçkünə çevrilib.

Kolumbiya prezidenti həmçinin bildirib ki, Donald Tramp görüş zamanı ABŞ-nin bu hadisələrdə mümkün rolunun olub-olmaması ilə maraqlanıb. Qustavo Petro isə bu suala cavab olaraq Vaşinqtonun həmin hadisələrdə birbaşa iştirakının olmadığı qənaətində olduğunu deyib.

Qeyd edək ki, iki ölkə prezidentinin görüşü fevralın 3-də Ağ evdə qapalı formatda keçirilib. Reuters agentliyinin məlumatına görə, tərəflər görüşdən sonra danışıqların dostyana atmosferdə keçdiyini vurğulayıblar. Qustavo Petro görüşdən sonra X sosial şəbəkəsində Donald Trampın yazdığı ehtimal olunan qeydi paylaşaraq, orada “Qustavo, böyük şərəfdir — mən Kolumbiyanı sevirəm” sözlərinin yer aldığını bildirib.

Poliqon.info

Seçilən
28
poliqon.info

1Mənbələr