BAKI, 4 fevral. TELEQRAF
İspaniya hökuməti 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadə etməsinin qadağan edilməsi üçün qanun layihəsi hazırlamağa başlayacaq.
Teleqraf xəbər verir ki, bu barədə İspaniya Baş naziri Pedro Sançes Dubayda keçirilən Ümumdünya Hökumətlər Sammitində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, qanunvericilik işi artıq 10 fevral 2026-cı ildən etibarən başlanacaq.
İspaniya hökumətinin təklif etdiyi əsas tədbirlərdən biri 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrə girişini qadağan etməkdir. Platformalar yaşın təsdiqlənməsi üçün sənəd yoxlaması, biometrik identifikasiya və ya digər üsullar kimi effektiv sistemlər tətbiq etməli olacaq. Bu addım İspaniyanı Avropada sosial şəbəkələri 16 yaşadək uşaqlar üçün tamamilə qadağan edən ilk ölkəyə çevirə bilər.
Bundan əlavə, hökumət "Grok", "TikTok" və "Instagram" platformalarının fəaliyyəti ilə bağlı araşdırma aparacaq. Sançes onları uşaqlara qarşı cinsi zorakılıq, qeyri-konsensuslu məzmun və digər pozuntuların yayılması kontekstində qeyd edib.
Qeyd edək ki, oxşar tədbirlər Fransada, Danimarkada, Yunanıstanda və digər Avropa ölkələrində də müzakirə olunur.