Rusiyada Afrikadan gətirilmiş Çikunqunya qızdırmasına yoluxma halı aşkar edilib.
Publika.az xəbər verir ki, bu barədə "Rospotrebnadzor" rəsmi məlumat yayıb.
Məlumata görə, yoluxan qadın Seyşel adalarında istirahət etdikdən sonra Moskvaya qayıdıb. Araşdırmalar zamanı məlum olub ki, o, səyahət zamanı ağcaqanad əleyhinə qoruyucu vasitələrdən (repellentlərdən) istifadə etməyib və nəticədə həşərat sancmalarına məruz qalıb.
"Rospotrebnadzor" bu növ qızdırmanın ölkəyə gətirilmə riskləri barədə əvvəlcədən xəbərdarlıq etdiyi üçün mütəxəssislər yerli yüksək həssaslıqlı test sistemlərinin köməyi ilə virusu dərhal müəyyən ediblər. Xəstə dərhal xəstəxanaya yerləşdirilib.
Hazırda infeksiyanın Rusiya ərazisində yayılma riski minimum qiymətləndirilir. Çikunqunya qızdırması birbaşa insandan insana keçmir; virus yalnız yoluxmuş ağcaqanadların sancması vasitəsilə ötürülür.