BAKI, 4 fevral. TELEQRAF
ABŞ-nin keçmiş birinci xanımı Cill Baydenin sabiq həyat yoldaşı Uilyam Stivenson indiki həyat yoldaşının qətlində şübhəli bilinərək polis tərəfindən saxlanılıb.
Teleqraf xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.
Məlumata görə, polis əməkdaşları dekabrın 28-də Stivensonların evinə məişət münaqişəsi ilə bağlı daxil olan çağırış əsasında hadisə yerinə gəliblər.
Hadisə zamanı Uilyam Stivensonun həyat yoldaşı Linda Stivenson evin qonaq otağında huşsuz vəziyyətdə aşkarlanıb. Ona ilkin tibbi yardım göstərilsə də, qadının həyatını xilas etmək mümkün olmayıb.
77 yaşlı Uilyam Stivenson hazırda nəzarət altındadır. Məhkəmə onun barəsində 500 min ABŞ dolları məbləğində girov müəyyən edib.
Qeyd edək ki, Cill Bayden və Uilyam Stivenson beş il evli olublar və 1975-ci ilin mayında boşanıblar. Boşanma Cill Baydenin Delaver ştatından senator, sonradan ABŞ Prezidenti olan Co Baydenlə tanışlığından sonra baş verib.