AZ

Çevriliş cəhdinin məqsədi Türkiyəni parçalamaq idi: İsmayıl Hakkı Turunç



“O xain çevriliş cəhdindən 10 il keçir. On il əvvəl Türkiyə dövlətini parçalamaq, onun inkişafını yarı yolda qoymaq istəyən xain güclər hərəkətə keçərək öz çirkli məqsədlərini həyata keçirməyə çalışdılar. Nə yaxşı ki, onların xain planı baş tutmadı və xalq Türkiyəni bölmək, zorla hakimiyyəti ələ keçirmək istəyənlərə öz yerini göstərdi".

Newscenter.az xəbər verir ki, bunu Azərbaycana səfəri çərçivəsində Bakıda jurnalistlər üçün brifinq keçirən Türkiyənin 15 İyul Fondunun rəhbəri İsmayıl Hakkı Turunç deyib.

O bildirib ki, 15 iyulda küçələrə çıxan insanlar bunu əcdadlarından miras qalmış bayrağı, dövləti və milli mədəniyyəti qorumaq üçün etdilər. Onlar göstərdilər ki, lazım gələrsə canlarından keçməyə hazırdırlar.

15 iyul xain çevriliş planını izah etmək üçün müxtəlif ölkələrə səyahət etdiklərini deyən İsmayıl Hakkı Turunç bu səfərlərdə həmin günlərdə şəhid olan Türkiyə vətəndaşlarının ailə üzvlərinin iştirak etdiyini söyləyib.

“Bu yolda 253 şəhid verdik, 2800-dən çox qazimiz oldu. Şəhid ailələri deyirlər ki, 'Türkiyədə yenidən çevriliş cəhdi olsa, 10 övladları olsa belə, onların hamısını meydanlara göndərərlər. Çevriliş cəhdinin məqsədi Türkiyəni parçalamaq idi. Bəlkə də bizə Türkiyədə yaşamaq hüququ belə verməzdilər. Prezident Ərdoğanın rəhbərliyi altında imperialist ölkələrin oyunlarını pozduq. Bu dövləti və bu bayrağı qorumaq üçün təklif edə biləcəyimiz ən qiymətli olan canımız idi və biz bunu məmnuniyyətlə etdik".

Fond rəhbəri gələcək planları barədə danışıb. Bildirib ki, Azərbaycanda şəhid və qazilərlə bağlı olan qurum və quruluşlarla, QHT-lərlə görüş keçirməyi düşünür. Məqsəd iki qardaş ölkənin şəhidlərini ümumilikdə Türk Dünyasında, Türk Dövlətləri Təşkilatına üzv ölkələrdə tanıtmaqdır.

Süleyman
Seçilən
27
newscenter.az

1Mənbələr