AZ

WP: İrana yeni zərbələr daha genişmiqyaslı ola bilər...

Peyk məlumatları ABŞ-nin İranın yaxınlığında hərbi mövcudluğunu artırdığını göstərir, regionda onlarla təyyarə və təxminən 12 döyüş gəmisi cəmlənib...

Poliqon xəbər verir ki, “The Washington Post” nəşri peyk məlumatlarına istinadən ABŞ-nin İranın yaxınlığında hərbi qüvvələrini nəzərəçarpacaq dərəcədə artırdığını yazıb. Məqalədə qeyd olunur ki, bu hazırlıq mümkün yeni zərbələrin əvvəlkilərdən daha genişmiqyaslı ola biləcəyi ehtimalını gücləndirir.

Nəşrin məlumatına görə, son bir ay ərzində ABŞ Silahlı Qüvvələri İranla yaxın məsafədə yerləşən bazalara onlarla hərbi təyyarə köçürüb. Eyni zamanda, Yaxın Şərq regionunda və ona bitişik sularda təxminən 12 döyüş gəmisinin cəmləşdirildiyi bildirilir.

Məsələ ilə bağlı açıqlama verən ABŞ Müdafiə Nazirliyinin Yaxın Şərq üzrə keçmiş müavini Dana Stroul bildirib ki, Vaşinqtonun atdığı addımlar konkret bir ssenariyə hazırlıq xarakteri daşıyır. Onun sözlərinə görə, ABŞ faktiki olaraq “əməliyyat teatrı” formalaşdırır və bu, prezidentin göstərişi olacağı təqdirdə daha geniş hücum variantlarının tətbiqinə imkan verə bilər:

“Onların etdiyi şey odur ki, prezident zərbələr barədə əmr verərsə, daha geniş hücum seçimləri təqdim etmək üçün əməliyyat teatrı formalaşdırırlar”, — deyə Dana Stroul vurğulayıb.

Analitiklərin fikrincə, ABŞ-nin bu addımları Tramp administrasiyasının daha böyük hərbi əməliyyatları dəstəkləyə biləcək imkanlar yaratmağa çalışdığını göstərir. Xüsusilə də iyun ayında ABŞ-nin İranın nüvə proqramı ilə bağlı həyata keçirdiyi məhdud və hədəfli zərbələrdən fərqli olaraq, bu dəfə mümkün əməliyyatların daha geniş xarakter daşıya biləcəyi qeyd olunur.

Dana Stroul və digər ekspertlər bildirirlər ki, əvvəlki zərbələrdə məqsəd daha “dəqiq və məhdud çərçivəli” idi. Lakin hazırkı vəziyyətdə administrasiyanın qarşısında duran hədəfinqət daha aydın müəyyənləşdirilməyib və bu, potensial hərbi ssenarilərin daha geniş diapazonda nəzərdən keçirildiyini göstərir.

Məqalədə vurğulanır ki, ABŞ-nin regionda qüvvələrini artırması həm İranın mümkün cavab addımlarına qarşı hazırlıq, həm də Vaşinqtonun təzyiq alətlərini genişləndirmək niyyəti ilə izah oluna bilər. Eyni zamanda, bu cür hərbi yerdəyişmələr Yaxın Şərqdə gərginliyin artması riskini yüksəldir və regional təhlükəsizlik balansına təsir göstərə biləcək amil kimi qiymətləndirilir.

Poliqon.info

Seçilən
16
poliqon.info

1Mənbələr