
İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ-ın sülhməramlı missiyalar üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff arasında Yerusəlimdə keçirilən görüş başa çatıb.
AFN.az xəbər verir ki, İsrail hökumət başçısının dəftərxanası tərəfindən yayılan məlumatda danışıqların əsas mövzusunun Qəzza zolağındakı nizamlanma və İran ətrafındakı vəziyyət olduğu bildirilib.
Görüş zamanı Baş nazir Netanyahu HƏMAS-ın tam silahsızlaşdırılması, Qəzza sektorunun demilitarizasiyası və bölgənin yenidən qurulmasına başlanmazdan əvvəl müharibənin bütün məqsədlərinə çatılması ilə bağlı qəti tələblərini bir daha xatırladıb.
Netanyahu Uitkoffla söhbətində vurğulayıb ki, Fələstin Milli Administrasiyası heç bir halda sektorun idarə olunmasında iştirak etməyəcək. Eyni zamanda o, ABŞ-ın İsraildəki səfiri Mayk Hakabiyə Qəzzada aşkar edilmiş ciddi pozuntular – silahların gizlədilməsi üçün BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) kisələrindən istifadə edilməsi barədə məlumat verib.
Tərəflər, həmçinin regionda artan gərginlik fonunda İran ətrafındakı durumu da müzakirə ediblər. S.Uitkoffun İran rəsmisi ilə planlaşdırılan görüşü ərəfəsində İsrailin Baş naziri öz mövqeyini qəti şəkildə ifadə edib: “İran dəfələrlə sübut edib ki, onun vədlərinə inanmaq olmaz”.
Qeyd edək ki, "Axios" portalı fevralın 6-da İstanbulda Stiven Uitkoff ilə İranın xarici işlər naziri Abbas Əraqçi arasında görüşün gözlənildiyi barədə məlumat yayıb. Danışıqlarda mümkün "nüvə sövdələşməsi"nin müzakirə ediləcəyi ehtimal olunsa da, rəsmi mənbələr hələlik bu görüşün hazırlıq mərhələsində olduğunu və rəsmi status almadığını bildirirlər.