AZ

İndoneziya Trump tərəfindən yaradılan Sülh Şurasından çıxa bilər

Əgər Qəzza münaqişəsi həll olunmasa və Fələstin maraqları nəzərə alınmasa, İndoneziya Sülh Şurasından çıxacağını bəyan edib...

İndoneziya hakimiyyəti ölkənin Donald Trump tərəfindən təsis edilən “Sülh Şurası” adlı yeni beynəlxalq strukturundan çıxmaq imkanını nəzərdən keçirir.

Poliqon xəbər verir ki, bu barədə İndoneziya Prezidenti Prabovo Subianto açıq şəkildə bəyan edib.

Prezidentin sözlərinə görə, Cakarta bu qərarı yalnız o halda verəcək ki, Şura Fələstin-İsrail münaqişəsini, xüsusilə də Qəzza zolağındakı vəziyyəti effektiv və ədalətli şəkildə həll etmək iqtidarında olmasın və ya Fələstin xalqının əsas maraq və tələblərini nəzərə almayacaq.

“Biz sülhə çalışırıq, amma sülh real olmalı, kağız üzərində qalmamalıdır. Əgər bu platforma Qəzzada qan tökülməsinin qarşısını ala bilməyəcəksə və fələstinlilərin hüquqlarını qorumaqda ciddi addımlar atmayacaqsa, İndoneziya öz mövqeyini yenidən nəzərdən keçirəcək”, deyə Prabovo Subianto vurğulayıb.

Qeyd edək ki, “Sülh Şurası” Donald Trump-ın ikinci prezidentlik dövründə Yaxın Şərqdəki vəziyyəti sabitləşdirmək və ərəb ölkələri ilə İsrail arasında əlaqələri genişləndirmək məqsədilə təklif olunan yeni formatdır. Lakin bir sıra müsəlman ölkələri, o cümlədən İndoneziya, bu strukturun Fələstin məsələsində kifayət qədər balanslı mövqe tutmayacağından ehtiyatlanır.

İndoneziya dünyanın ən böyük müsəlman əhalisinə malik ölkəsi kimi Fələstin məsələsinə xüsusi həssaslıq göstərir və bu mövzuda rəsmi mövqeyini dəfələrlə sərt şəkildə ifadə edib.

Poliqon.info

Seçilən
28
poliqon.info

1Mənbələr