AZ

Liviyada Müəmmər Qəddafinin oğlu Səif əl-İslam öldürülüb

Səif əl-İslam Qəddafi naməlum şəxslər tərəfindən güllələnib və hücumçular hadisə yerindən qaçıblar...

Liviyada ölkənin sabiq lideri Müəmmər Qəddafinin oğlu Səif əl-İslam Qəddafinin öldürüldüyü barədə məlumat yayılıb.

Poliqon xəbər verir ki, bu barədə “Al-Hadat” telekanalı Qəddafi ailəsinə yaxın mənbəyə istinadən məlumat verib.

Mənbənin sözlərinə görə, hadisə Səif əl-İslamın yaşadığı ərazidə, onun şəxsi bağında baş verib. Bildirilir ki, naməlum şəxslər ona atəş açaraq ağır xəsarət yetiriblər. Hücumdan dərhal sonra cinayətkarların sürətlə hadisə yerindən uzaqlaşdığı qeyd olunur.

Hazırda qətlin motivləri, hücumun kimlər tərəfindən və hansı məqsədlə həyata keçirildiyi ilə bağlı rəsmi açıqlama verilməyib. Eyni zamanda, hadisənin baş verdiyi dəqiq məkan, eləcə də Səif əl-İslamın yanında mühafizəçilərin olub-olmaması barədə də əlavə məlumat açıqlanmır.

Qeyd edək ki, Səif əl-İslam Qəddafi Liviyanın siyasi gündəmində uzun illərdir mübahisəli fiqur kimi qalır. O, 2011-ci ildə Müəmmər Qəddafinin devrilməsindən sonra ölkədə baş verən proseslərin əsas simalarından biri hesab edilib və müxtəlif dövrlərdə onun taleyi, saxlanılması və azadlıqda olması ilə bağlı ziddiyyətli məlumatlar yayılıb.

Hadisə ilə bağlı Liviyanın təhlükəsizlik qurumlarının araşdırmalara başlayıb-başlamadığı, eləcə də rəsmi qurumların mövqeyi barədə məlumat gözlənilir.

Poliqon.info

Seçilən
55
poliqon.info

1Mənbələr